Aya yenidən səfər

NASA yarım əsrlik fasilədən sonra Aya yeni bir insanlı missiya göndərməyə hazırlaşır. Artemis II adlanan bu missiya Apollo dövründən bəri ilk dəfə astronavtların Yer orbitindən kənara – Ay ətrafına səyahət etməsini təmin edəcək.

Ekipaj Ay səthinə enməyəcək, lakin bu uçuş sayəsində insanlar indiyədək olmadığı qədər uzaq məsafəyə gedəcəklər. Missiya həm də gələcək Ay enişləri üçün vacib sınaq rolunu oynayacaq.

16 və 21 noyabr 2022-ci il tarixlərində Artemis I missiyası zamanı Orion kapsulu tərəfindən çəkilən Yer və Ayın əks tərəfi/ NASA - Aya yenidən səfər
Artemis I missiyası zamanı Orion kapsulu tərəfindən çəkilən Yer və Ayın əks tərəfi/NASA

Sonuncu dəfə insan nə vaxt Aya getmişdi?

İnsanlar son dəfə 1972-ci ildə, Apollo 17 missiyası zamanı Aya uçublar. O missiyada astronavt Eugene Cernan və Harrison Şmit Ay səthində yeriyən son insanlar olublar. 1969-1972-ci illər arasında ABŞ altı Apollo missiyası ilə 12 astronavtı Aya göndərib.

Apollo 17-dən sonra, yəni 20-ci əsrin sonundan indiyədək heç bir insan nə Ay orbitinə, nə də Ay səthinə səfər etməyib. Sonrakı onilliklərdə kosmik fəaliyyət daha çox Yer ətrafı orbitdə – kosmik gəmilər və Beynəlxalq Kosmik Stansiya kimi layihələrlə məhdudlaşıb.

Lakin Ay missiyalarının dayandırılmasından ötən 50 il ərzində həm texnologiya inkişaf edib, həm də Marsa doğru gələcək hədəflər üçün Aya yenidən səfər ön plana çıxıb.

Niyə fasilə oldu?

1970-ci illərin əvvəllərində Apollo proqramı bitdikdən sonra maliyyə məhdudiyyətləri və digər prioritetlər səbəbi ilə Ay proqramları dayandırılıb. NASA diqqəti Yer orbitində kosmik stansiyalar qurmağa və digər planetlərə göndərilən robotlu missiyalara yönəldib.

Uzun müddət Ay missiyasının təkrarlanmasına ehtiyac duyulmayıb. Lakin son illərdə həm ABŞ, həm də digər ölkələr Ayın tədqiqat və strateji əhəmiyyətini yenidən qiymətləndirməyə başlayıblar. 21-ci əsrin üçüncü onilliyində Artemis proqramı adlı yeni bir təşəbbüs işə salınıb.

Bu proqram insanları Ay orbitinə və səthinə qaytarmağı, orada uzunmüddətli mövcudluğu təmin etməyi və gələcəkdə Mars uçuşlarına hazırlıq görməyi hədəfləyir.



Artemis proqramı nədir?

Yunan mifologiyasında Apollonun əkiz bacısının adı NASA-nın Aya qayıdış proqramının adıdır. Bu proqram elmi kəşflər üçün Ayı yenidən ziyarət etməyi, yeni texnologiyaları sınaqdan keçirməyi və ən əsası, başqa bir səma cismində yaşayıb işləməyi öyrənməyi nəzərdə tutur.

Artemis proqramının əsas məqsədlərindən biri Ayda davamlı insan mövcudluğunu yaratmaqdır. NASA bu kampaniyada beynəlxalqkommersiya tərəfdaşları ilə əməkdaşlıq edir. Məsələn, Kanada, Avropa, Yaponiya kosmik agentlikləri.

Beləliklə, Ay missiyaları qlobal səylərlə həyata keçirilir. Uzaq hədəf isə Ayı tramplin kimi istifadə edərək insanları Marsa göndərməkdir.

Proqram çərçivəsində bir neçə mərhələli missiya planlanıb:

Artemis I (2022): SLS raketi və Orion kosmik gəmisinin ilk sınaq uçuşu:

Bu missiya insanız (pilotsuz) həyata keçirilib və Orion kapsulu Ay ətrafında dövrə vuraraq Yerə qayıdıb.

Artemis I 2022-ci ilin noyabrında uğurla həyata keçirilib və SLS raketi NASA-nın indiyədək buraxdığı ən güclü raket kimi tarixə keçib. Həmin uçuş Orionun sistemlərini ekstremal şəraitdə (məsələn, Ay məsafəsindən Yerə yüksək sürətlə giriş) test edib.

Artemis II (2026): ilk insanlı Artemis uçuşu məhz budur

Dörd astronavt Orion kosmik gəmisində Ay ətrafına gedib qayıdacaq.

Missiyanın əsas məqsədi ekipajla birlikdə SLS və Orion sistemlərini sınaqdan keçirmək, naviqasiya, rabitə və yaşamağa dəstək sistemlərinin insan faktoruyla işləməsini yoxlamaqdır.

Artemis II Aya eniş nəzərdə tutmur. Kosmik gəmi enerjisiz qayıdış trayektoriyası adlı xüsusi bir trayektoriya ilə Ayın ətrafından dolanaraq təkrarən Yerə yönələcək.

Bu səfər təxminən 10 gün davam edəcək və astronavtlar Yer kürəsindən tarixdə misli olmayan qədər uzaqlaşmış olacaqlar.

Artemis III: 2027 üçün planlaşdırılır

Əgər Artemis II uğurla yekunlaşarsa, növbəti addım insanın yenidən Aya enişi olacaq.

Artemis III hazırda 2027-ci il üçün planlaşdırılır və məqsədi 50 ildən sonra ilk dəfə astronavtları Ay səthinə endirməkdir. NASA bu missiya ilə Ayın cənub qütbü yaxınlığında eniş etməyi hədəfləyir. Bu bölgə buz şəklində su ehtiyatlarına malik ola bilər və elmi cəhətdən çox diqqət cəlb edir.

Artemis III missiyasında astronavtların Ay səthinə çatdırılması üçün NASA speys iks (SpaceX) şirkətinin hazırladığı yeni ay eniş modulundan (Starship HLS) istifadə edəcək.

Habelə, Artemis III tarixi bir ilkə imza atacaq. Uzun illər vurğulandığı kimi, bu uçuşda Ayda ilk dəfə bir qadın astronavtın və rəngli dərili astronavtın yeriməsi gözlənilir.

Gələcək Artemis missiyaları

Növbəti mərhələlərdə Ay orbitində “Gateway” adlı kiçik kosmik stansiyanın qurulması (Artemis IV missiyasında) və SLS raketinin daha güclü versiyalarının (Block 1B, Block 2) istifadəsi planlanır.

“Gateway” stansiyası gələcək missiyalar üçün orbital dayaq rolunu oynayacaq, astronavtlara Ay ətrafında uzunmüddətli qalmaq imkanı verəcək.

Proqramın ümumi vizyonu Ay ətrafında və səthində davamlı infrastruktur qurmaq, nəticə etibarilə 2030-cu illərdə Marsa insan göndərməyə hazırlıq üçün tələb olunan təcrübə və texnologiyanı qazanmaqdır.

Artemis II uçuş nə vaxt baş tutacaq?

Artemis II missiyasının tarixi bir neçə dəfə dəyişib. Əvvəlcə 2024-cü ildə uçuş planlansa da, texniki sınaqlar və hazırlıq işləri vaxt aparıb. Son məlumatlara görə, Artemis II bu ilin mart ayından tez olmayaraq başlayacaq.

NASA əvvəlcə ən tez fevralın 8-ni buraxılış üçün hədəfləmişdi, lakin yanvar ayında həyata keçirilən ümumi sınaq məşqi (wet dress rehearsal) müddətində raketin yanacaq sistemində sızma kimi problemlər üzə çıxındığına görə, start bir qədər təxirə salınıb.

Fevral sınaqları göstərib ki, bəzi sistemlərin əlavə yoxlanışa ehtiyacı var. NASA rəhbərliyi bildirib ki, “təhlükəsizlik hər şeydən öndə gəlir və tarixi missiyanı tələsmədən, tam hazır olanda başladacağıq”.

Yeni problemlər çıxmayacağı təqdirdə, Aya yenidən səfər mart ayında keçiriləcək.

Artemis II missiyasının xüsusiyyətləri

Artemis II dörd astronavtla həyata keçiriləcək. Bu heyət beynəlxalq və müxtəlifliyi ilə tarixə düşməyi planlayır.

  • Reid Viseman (NASA, ABŞ): Missiya komandiri. Təcrübəli astronavtdır və ekipaja rəhbərlik edəcək.
  • Viktor Qlover (NASA, ABŞ): Pilot. O, Ay orbitinə gedəcək ilk qaradərili (afroamerikalı) astronavt olacaq.
  • Kristina Koç (NASA, ABŞ): Missiya mütəxəssisi. Ay yaxınlığına səyahət edən ilk qadın astronavt olaraq tarixə keçəcək. Koç həmçinin 2019-2020-ci illərdə 328 günlüklə qadınlar arasında ən uzun fasiləsiz kosmosda qalma rekorduna sahibdir.
  • Ceremi Hansen (CSA, Kanada): Missiya mütəxəssisi. Kanada Kosmik Agentliyinin astronavtıdır və ABŞ vətəndaşı olmayan ilk insan kimi Ay ətrafına uçacaq. Kanada Artemis proqramına Canadarm3 robot qolunu təmin etməklə töhfə verdiyi üçün NASA onu bu uçuşa daxil edib.
Artemis II astronavtları (soldan sağa) Reid Viseman, Viktor Qlover, Kristina Koç və Ceremi Hansen Floridadakı NASA-nın Kennedi Kosmik Mərkəzində Orion kosmik gəmisinin startı zamanı/ NASA - Aya yenidən səfər
Artemis II astronavtları (soldan sağa) Reid Viseman, Viktor Qlover, Kristina Koç və Ceremi Hansen Floridadakı NASA-nın Kennedi Kosmik Mərkəzində Orion kosmik gəmisinin startı zamanı/ NASA

Artemis II uçuşunun senarisinə görə, SLS raketi Orion kosmik gəmisini və ekipajı Floridadakı Kennedi Kosmik Mərkəzindən startla əvvəlcə Yer orbitinə çıxaracaq. Qısa bir orbitdən sonra raketin yuxarı pilləsi güclü bir itələmə verərək Orionu trans-Ay traektoriyasına yönləndirəcək.

Bir neçə gün ərzində Orion Ayın cazibə sahəsi istiqamətində yollanacaq. Ayın yaxınlığından keçərkən kapsul mühərriklərini işə salıb Ay orbitinə yaxın trayektoriyaya girəcək (tam orbitə girmədən).

Astronavtlar Ayın yerdən görünməyən tərəfini də görəcəklər. Onlar Apollo 13 uçuşundan bəri bunu görən ilk insanlar olacaqlar.

Orion Aydan təxminən 10 min km kənara, Yerdən isə təxminən 480 min km uzaq məsafəyə səyahət edəcək ki, bu da indiyə qədər insanlı missiyanın çatdığı ən uzaq məsafədir. Daha sonra, cazibə qüvvələrinin təsiri ilə Orion təbii olaraq geri, Yerə sarı dönəcək.

Uçuşun sonunda kapsul ~25,000 mil/saat (40,000 km/saat) sürətlə Yer atmosferinə daxil olacaq. Bu, tarixi sürət rekordudur və Orionun istilik qalxanı üçün ciddi sınaq olacaq.

Nəhayət, Orion paraşütlərlə Sakit okeana enəcək və oradan ekipajı xilasetmə gəmisi götürəcək.

Aya yenidən səfər

Leave A Reply