Azərbaycanda kibercinayətkarlıq

Azərbaycanda kibercinayətlərin miqyası böyüməkdə davam edir. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini, general-mayor Allahverən İsmayılovun sözlərinə görə, təkcə 2025-ci ilin ilk yarısında 6 164 vətəndaş haker hücumlarının qurbanına çevrilib.

O bildirib ki, kibercinayətkarların əsas hədəfi vətəndaşların maliyyə vəsaitləridir:

“2025-ci ilin ilk dörd ayında hakerlərin kiberdələduzluq yolu ilə ələ keçirdiyi vəsaitin miqdarı altı milyondan çox olub”.

Dövlət qurumları da hədəfdədir

Hakerlərin fəaliyyəti yalnız fərdi istifadəçilərlə məhdudlaşmır. Araşdırmalar göstərib ki, 47 dövlət qurumunun 95 əməkdaşı da kibercinayətlərin təsirinə məruz qalıb.

Mütəxəssislər hesab edir ki, dövlət strukturlarının informasiya təhlükəsizliyi məsələləri prioritet olaraq gücləndirilməlidir.

Ekspertlər bildirirlər ki, kiberdələduzluğun artmasının səbəblərindən biri vətəndaşların şəxsi məlumatlarını qorumaqda ehtiyatsız davranması, saxta linklərə daxil olması və ya şübhəli mobil tətbiqlərdən istifadə etməsidir.

Hakerlər xüsusən internet bankçılıq, elektron ticarət və dövlət xidmətləri üzərindən hücumlar təşkil edirlər.



Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti vətəndaşları kibertəhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır. Mütəxəssislərin tövsiyələrinə görə:

  • Naməlum mənbələrdən gələn linklərə keçid etməmək;
  • Şübhəli SMS və e-poçtlara cavab verməmək;
  • Bank və digər şəxsi məlumatları yalnız rəsmi platformalarda daxil etmək;
  • İkiqat autentifikasiya (two-factor authentication) sistemindən istifadə etmək vacibdir.

Azərbaycanda kibercinayətkarlıq

Leave A Reply