Rusiyaya gedən 9 nəfər saxlanılıb
Polisin məlumatına görə, Rusiya ordusuna qoşulmaq üçün ölkədən çıxmaq istəməkdə şübhəli bilinən 9 nəfər noyabrın 8-i gecə Yohannesburqdakı O.R. Tambo hava limanında və yaxınlıqdakı oteldə saxlanılıb. Polis rəsmiləri 20-26 yaşlı kişilərin Rusiyaya uçuşa minməyə hazırlaşdığını, əməliyyatın “İnterpol” və yerli hüquq-mühafizə orqanlarının iştirakı ilə keçirildiyini bildirib.
Şübhəlilərin hansı ölkənin vətəndaşı olduğu və Rusiyaya çatandan sonra nə etməyi planlaşdırdıqları açıqlanmayıb. Onların Cənubi Afrikanın xarici hərbi yardımı tənzimləyən qanununu pozmaqda ittiham olunaraq məhkəməyə çıxarılacağı bildirilir, tarix deyilməyib. Bu qanun muzdluluğu qadağan edir, hərbi münaqişələrdə tərəflərə yardımı, o cümlədən işə götürmə və təlimi tənzimləyir və ölkədə olan əcnəbilərə də şamil edilir.
“Assoşieyted Press” və “Al Jazeera”nın yazdığına görə, saxlanmalar Afrika, Asiya və Cənubi Amerika ölkələrindən insanların mülki iş vədi ilə Rusiyaya aparılıb cəbhəyə göndərilməsi barədə artan narahatlıq fonunda baş verir. “Amnesty International” insan haqları təşkilatı daha əvvəl Rusiyanı əcnəbiləri aldadaraq cəbhəyə göndərməkdə ittiham edib və bunu “insan alveri” adlandırıb. Təşkilatın hesabatına görə, Cənubi Afrika, Braziliya, Kolumbiya və Şri-Lankadan olan insanlar yaxşı maaşlı qeyri-hərbi iş vədi ilə Rusiyaya gedib, orada orduya qoşulmağa məcbur edilib.
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa fevralda bildirib ki, 36 Afrika ölkəsindən 1 700-dən çox adamın Rusiya tərəfində vuruşduğu məlumdur.


