Heqsetin impiçment sınağı

ABŞ Nümayəndələr Palatası noyabrın 10-da müdafiə naziri Pit Heqsetə qarşı impiçment maddələrini respublikaçıların nəzarətindəki Ədliyyə Komitəsinə göndərib, bu, təşəbbüsü faktiki olaraq dayandırır. BBC-nin yazdığına görə, qərar 211-204 səslə qəbul olunub, respublikaçılardan yalnız təşəbbüsün müəllifi Tomas Massi əleyhinə səs verib, 11 demokrat da daxil olmaqla ondan çox konqresmen səsvermədə iştirak etməyib.

Prezident Donald Tramp “Truth Social”da təşəbbüsün “acınacaqlı şəkildə uğursuz olduğunu” yazıb və nəticəni Heqsetin “bəraəti” adlandırıb. Massi CBS-ə səsvermənin nəticəsinə təəccüblənmədiyini, amma məyus olduğunu deyib. İmpiçment qətnamələri Konqresin yeni çağırışına keçə bilər, ona görə yanvarda hər iki palatada çoxluğu ələ alacaq demokratlar məsələyə yenidən qayıda bilər.

Kentukki ştatından olan respublikaçı konqresmen Tomas Massi noyabrın 9-da Nümayəndələr Palatasında ABŞ-nin müdafiə naziri Pit Heqsetə qarşı impiçment sənədini səsverməyə çıxarmaq üçün addım atıb. Massi nazirin Konqresin icazəsi olmadan qanunsuz müharibə apardığını və səlahiyyətlərindən sui-istifadə etdiyini iddia edir, onun “qanunsuz əmrləri icra etdiyini” deyir.

“The Guardian”ın yazdığına görə, Palatanın qaydaları səsvermənin çərşənbə gününü keçməməsini tələb edir və Massinin təklifinin bəzi respublikaçılardan dəstək alacağı gözlənilir. Yanvarda Palatada çoxluğu itirəcək respublikaçılar hələlik nəzarəti saxlayır. Spiker olacağı gözlənilən demokrat Hakim Ceffris isə impiçmentə “mütləq hə” deyəcəyini bildirib: “Heqset getməlidir”.

Massi bu ilin sentyabrın 15-də də Heqsetə qarşı impiçment maddələri təqdim etmişdi, amma spiker Mayk Conson sənədə baxılmazdan əvvəl Konqresi tətilə buraxmışdı. Prezident Donald Trampın tənqidçisi kimi tanınan konqresmen yeni çağırışda yer almayacaq.

Heqset ötən həftə yaydığı videoda bu təşəbbüsü “şəxsi məhvetmə siyasəti” adlandırıb. O, jurnalistlərin sualına cavabda bundan narahat olmadığını deyib və 10-da mətbuat konfransı keçirəcəyini bildirib. Tramp da Heqseti dəstəkləyəcəyini söyləyib.

Tramp, vitse-prezident Cey Di Vens və digər respublikaçı liderlər ara seçkilərdəki tarixi məğlubiyyəti İran müharibəsi və onun seçicilərin cibinə vurduğu zərbə ilə izah edib. CNN-in mənbələrinə görə, prezident uğursuzluğa görə məsuliyyəti daşıyacaq adam axtara bilər və bəzi müttəfiqləri Heqseti bu rola uyğun görür.

Heqset noyabrın 10-da mətbuat konfransında impiçment cəhdini “siyasi tamaşa” adlandırıb, Massini “saxta məhkəmə” qurmaqda ittiham edib: “Bu, farsdır, şoudur və bunu hamı bilir”. “The Guardian”ın yazdığına görə, o, təşəbbüsün “Amerika döyüşçülərini hədəf etdiyini” deyib: “Bu, vətənpərvərlik deyil. Bu, sabotajdır”. Massi bu ilin əvvəlində ilkin seçkidə Trampın dəstəklədiyi rəqibinə uduzub.

Leave A Reply