Ordu, qanun layihəsi

Milli Məclisə təqdim olunan qanun layihəsinə görə, hərbi hissəni icazəsiz tərk edən və ya xidmətə gecikən zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçular 1 gündən 10 günədək xidmətə gəlmədikdə 200-300 manat cərimə ediləcək və ya 15 günədək inzibati həbs olunacaq. Bir il ərzində təkrarlanarsa, cərimə 300-500 manat, həbs isə 10 gündən 1 ayadək ola bilər.

Azadlıq Radiosunun yazdığına görə, indi bu xətaya görə yalnız həbs nəzərdə tutulur: ilk dəfə 20 günədək, bir il ərzində təkrar olunarsa 15 gündən 1 ayadək. Layihəni təqdim edən deputat Əminə Ağazadə dəyişikliklərin hərbi xidmət əleyhinə xətalara prokuror nəzarətini gücləndirmək məqsədi daşıdığını bildirib.

Hüquq elmləri doktoru Əlövsət Allahverdiyev “Şərq” qəzetinə deyib ki, əvvəl üç gündən çox icazəsiz getmək cəza yaradırdısa, yeni təklifə görə, bir günlük gecikmə də cəzaya səbəb olacaq. Ona görə dəyişikliyi sadəcə yüngülləşdirmə kimi qiymətləndirmək düzgün olmazdı.

Radioya danışan, adını açıqlamayan ehtiyatdakı zabit deyir ki, bir günlük gecikməyə görə hauptvaxt yerinə cərimə “insaflı” yanaşmadır, amma məsələni pulla “həll etmək” mümkün olsa, orduda intizam çökər. Hərbi ekspert Səxavət Məmməd isə ayrıca cərimə əvəzinə mövcud nizamnamələrdən istifadə edilməli olduğunu deyir.

Foto: Azadlıq Radiosu, arxiv.

Leave A Reply