Honq Konq, Çin

Honq Konqda ali məhkəmənin hakimi Uilyam Tam noyabrın 5-də fəal Coşua Vonqu milli təhlükəsizlik qanunu ilə “xarici qüvvələrlə əlbirlikdə” təqsirli bilərək 10 il həbs cəzası verib. Vonq sentyabrda təqsirini etiraf etmişdi. Altı ildir həbsdə olan fəal yanvarda azadlığa çıxmalı idi.

“The Guardian” yazır ki, Vonq sürgündəki fəal Neytan Lo ilə birlikdə xarici dövlətləri Çinə qarşı sanksiya və digər addımlara çağırmaqda ittiham olunub. Hakim onun əməllərini “ağır” adlandırıb, 2020-ci ildə qanun qəbul edilməzdən əvvəl ABŞ-yə getdiyini və sonra sosial şəbəkələrdə Lonun sanksiya çağırışlarını paylaşdığını deyib.

Neytan Lo bəyanatında dostunun dinc fəaliyyətinə görə yenidən cəzalandırıldığını, hökmün Çinin azadlıq və demokratiya ümidlərini boğmaq qərarında olduğunu göstərdiyini yazıb.

Vonq 2014-cü il etirazlarında yeniyetmə lider kimi tanınıb, Honq Konqda bu qanunla iki dəfə mühakimə olunan yeganə fəaldır. BBC yazır ki, qanun tətbiq olunandan bəri yüzlərlə adam həbs edilib. Tənqidçilər qanunun müxalifəti susdurduğunu deyir, hakimiyyət isə onun sabitlik üçün lazım olduğunu bildirir.

Foto: Coşua Vonq, 2019, arxiv, Wikimedia Commons.

Leave A Reply