Paşinyanın Moskva səfərləri
Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 13-də Dublində Beynəlxalq və Avropa Məsələləri İnstitutunda çıxış edərkən dekabrda Rusiyaya üç dəfə, 3, 11 və 22 dekabrda danışıqlar üçün səfər edəcəyini deyib. Rusiyanın “İnterfaks” agentliyinin yazdığına görə, Paşinyan Rusiya ilə münasibətlərdə dostluq ab-havasını qoruya biləcəklərinə ümid etdiyini bildirib.
Paşinyan eyni çıxışında Türkiyə ilə münasibətlərin yaxın gələcəkdə tam normallaşacağına əmin olduğunu deyib. Onun sözlərinə görə, iki gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla çox müsbət görüşü olub, hər iki tərəf irəliləyiş olduğunu qeyd edib və onlar son addıma - diplomatik əlaqələrin qurulmasına və sərhədin tam açılmasına çox yaxındırlar.
Paşinyan Dublində Azərbaycan prezidenti İlham Əliyevlə də görüşdüyünü xatırladıb. Onun sözlərinə görə, bu görüşdən çıxardığı nəticə budur ki, indi uzunmüddətli, son və etibarlı sülh qurmaq üçün çox real və tarixi şans var və bu, onun hökumətinin missiyasıdır.
Paşinyanın Moskvaya səfərləri Ermənistanla Rusiya arasında münasibətlərin gərgin olduğu dövrə düşür. Rusiyanın Yerevandakı səfiri Sergey Kopırkin bu yaxınlarda Ermənistan İctimai Radiosuna müsahibəsində Putinlə Paşinyanın görüşü üçün hər hansı ilkin şərt irəli sürüldüyünü təkzib edib. Ermənistan mediasında belə görüşün Yerevan yeni atom elektrik stansiyasının tikintisini “Rosatom”a verərsə və ya Ermənistan dəmir yollarının Rusiya konsessiyasında qalmasına razılaşarsa baş tuta biləcəyi barədə fikirlər səslənmişdi. Oktyabrda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan görüşün tarixlərinin müzakirə olunduğunu demişdi.


