Orban dövrünün nazirinə istintaq

Macarıstanın korrupsiyaya qarşı qurumu - Milli Aktivlərin Bərpası və Qorunması İdarəsi (NVVH) noyabrın 13-də bildirib ki, Viktor Orbanın hökumətində nazir olmuş Mikloş Sestak barəsində açılan cinayət işi çərçivəsində 19,5 milyon dollar dəyərində nağd pul götürüb. Sestak 2014-2018-ci illərdə milli inkişaf naziri olub. Qurum onu dövlət nəqliyyat şirkəti üçün işlənmiş avtobusların şişirdilmiş qiymətə alınması sxemində rüşvət almaqda ittiham edir.

NVVH-nin açıqlamasına görə, iki gün davam edən axtarışlarda pullar meşələrdə basdırılmış, kənd təsərrüfatı və anbar binalarında, yaşayış evlərində gizlədilmiş, ucqar yerlərdəki seyflərdə saxlanılmış halda tapılıb. Qurum 5 milyard 71 milyon forint, 2 milyon 658 min avro və 1 milyon 257 min dollar tapıldığını bildirir. Maliyyə naziri Andraş Karman “Facebook”da yazıb ki, Xəzinədarlığın 12 əməkdaşı pulları 5 sayma maşını ilə 8 saat sayıb.

Baş nazir Peter Madyar bunu dönüş nöqtəsi adlandırıb: “Bu, rəsmən Fides-KDNP mafiyasının sonudur”. Madyar aprel seçkilərində böyük üstünlüklə qalib gələrək Orbanın 16 illik hakimiyyətinə son qoymuşdu, o, əvvəlki hökumət dövründəki korrupsiya iddialarını araşdıracağını vəd etmişdi. “The Guardian”ın yazdığına görə, son həftələrdə Mikloş Sestak, Orban dövrünün daha iki naziri və Orbanın qardaşı müxtəlif işlər üzrə saxlanılıb.

Orban son hadisəyə hələlik münasibət bildirməyib. O, əvvəllər yaxın çevrəsinə qarşı başladılan istintaqları onu həbs etməyə yönəlmiş “siyasi təqib” adlandırmışdı.

Leave A Reply