Çexiya prezidenti Petr Pavel deyib ki, Rusiyanın NATO hava məkanını pozması sonsuza qədər dözümlə qarşılanmayacaq və bu hal davam edərsə, rus təyyarəsinin vurulması labüd ola bilər.

Keçmiş NATO generalı bu sözləri Karlovı Varı regionuna səfəri zamanı məktəblilərlə görüşündə dilə gətirib.
“Bəzi ölkələrə sadəcə ‘bunu etməyin, yoxsa pis bitər’ demək kifayətdir. Amma elələri də var ki, bunun həqiqətən pis bitməsini görməlidirlər ki, başa düşsünlər,” – deyə Pavel bildirib.
Niyə vacibdir?
Pavel prezidentlikdən əvvəl 2015-2018-ci illərdə NATO Hərbi Komitəsinin sədri olub. Bu, alyansın ən yüksək hərbi postudur. Onun açıqlaması siyasi mesaj olmaqla yanaşı, NATO doktrinasına daxil olmuş düşüncə tərzini – “qırmızı xətti” əks etdirir.
Kontekst
Son aylarda Rusiyanın NATO-nun şərq cinahındakı Avropa ölkələrinin hava məkanını pozduğu insidentlər artıb.
- Polşa, 9–10 sentyabr – Təxminən 20–25 İran mənşəli Rusiya dronu Polşa hava məkanına daxil olur. NATO ilk dəfə öz ərazisinə daxil olan hərbi dronları vurur.
- Rumıniya, 13 sentyabr – Rusiya dronu Rumıniyanın hava məkanına daxil olur.
- Estoniya, 19 sentyabr – 3 MiG-31 qırıcı təyyarəsi Estoniya hava məkanında 12 dəqiqə qalır. Avropa Parlamenti bunu “məqsədyönlü eskalasiya” adlandırır.
- Rumıniya, 11 noyabr – Ukraynaya atılan dronların qalıqları NATO ərazisinə düşür, Buxarest rəsmi nota verir.
- Danimarka, Almaniya, Belçika – strateji və hərbi obyektlər yaxınlığında dronlar aşkarlanıb. Rusiya bu insidentlərdə əsas şübhəli hesab edilir.
Pərdəarxası
Petr Pavel deyib ki, Rusiya hazırda onları sınağa çəkməkdədir. Onun fikrincə, Moskva bu uçuşlarla həm ayrı-ayrı ölkələrin hava müdəfiəsini, həm də NATO ölkələrinin inteqrasiya olunmuş müdafiə sistemini və “özünü müdafiə etmək iradəsini” test edir.
“Rusiya yalnız gücə hörmət edir. Onların baxışında zəif olan əzilməyə layiqdir. Əgər bu pozuntular davam etsə, bir gün elə addım atmaq lazım olacaq ki, qaydaların pozula bilməyəcəyini başa düşsünlər,” – Çexiya Prezidenti vurğulayıb.
Türkiyə nümunəsi
Pavel NATO Hərbi Komitəsinin rəhbəri olduğu dövrdə Rusiyanın dəfələrlə Türkiyənin hava məkanını pozmasını xatırladıb. O deyib ki, həmin insidentlər açıq-aydın qəsdən törədilmiş, təxribat xarakterli idi və Rusiya nə qədər irəli gedə biləcəyini sınaqdan keçirirdi.
“Və yalnız onuncu pozuntudan sonra türklər qəzəblənib Rusiya təyyarələrindən birini vurdular. O vaxtlar bunun NATO ilə münasibətləri gərginləşdirəcəyi ilə bağlı qorxulara baxmayaraq, Rusiya sonrakı cəhdlərdən geri çəkildi”, Pavel əlavə edib.
2015-ci ildə baş verən həmin hadisədə Türkiyə F16-sı Türkiyə-Suriya sərhəddi yaxınlığında Rusiya SU-24M təyyarəsini vurmuşdu. Bu, 1953-cü ildən (Koreya müharibəsi) bəri ilk dəfə Rusiyaya məxsus hərbi təyyarənin NATO ölkəsi tərəfindən vurulması idi.
Pavel tək deyil
Fransa prezidenti Emmanuel Makron da Avropa hava məkanına daxil Rusiya hərbi təyyarəsinin vurulmasını istisna etməyib.
“Strateji qeyri-müəyyənlik doktrinasına uyğun olaraq sizə deyə bilərəm ki, heç nə istisna edilmir” – Makron ötən ay Almaniyanın Frankfurter Allgemeine Zeitung qəzetinə müsahibəsi zamanı Avropa hava məkanını pozan Rusiya təyyarəsinin vurulmasını dəstəkləyib-dəstəkləmədiyi sualına cavab olaraq deyib.
Fransa Prezidenti eyni müsahibədə Rusiyanın avropalılar üçün ən böyük “sistemli təhdid”dən biri (digəri terrorizm) olduğunu vurğulayıb. O, Moskvanın seçki kampaniyalarına müdaxilə, kiberhücumlar, miqrasiya axınlarından təzyiq vasitəsi kimi istifadə etməklə Avropanın kollektiv təhlükəsizliyini riskə atdığını qeyd edib.

Mövcud vəziyyət:
NATO sentyabrdakı insidentlərdən sonra “Şərq Keşikçisi” adlı uzunmüddətli hava-müdafiə əməliyyatını işə salıb. Hazırda alyansın Baltikdən Qara dənizədək şərq cinahını Fransa, Almaniya, Böyük Britaniya, İtaliya və Danimarka qırıcıları patrol edir.
Bundan əlavə, Avropa İttifaqı şərq sərhədlərində şərti olaraq “dron divarı” adlandırılan müdafiə sistemi qurmağı hədəfləyir. “Dron divarı” planı sərhəd bölgələrdə radarlar, sensorlar və digər anti-dron sistemlərinin qurulmasını, kəşfiyyat və informasiya mübadiləsinin, koordinasiyalı fəaliyyətin təkmilləşdirilməsini özündə ehtiva edir.