Rüzgarın qətli
Noyabrın 4-də Bakıda baş verən qəlt ölkədə LGBTİ+ icmasına qarşı münasibəti yenidən gündəmə gətirib. Yasin İbadov – dostlarının “Rüzgar” deyə tanıdığı 19 yaşlı kuir gənc şəhər mərkəzində, Bəşir Səfəroğlu küçəsində əmisi tərəfindən çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.

Hadisə şahidlərinin dediyinə görə, ətrafdakı insanlar hadisəyə müdaxilə etməyib, polis isə yalnız qatil özü zəng edəndən sonra gəlib; tibbi yardım da vaxtında göstərilməyib. İlkin məlumatlar qətlin nifrət motivli olduğunu, yəni Rüzgarın seksual orientasiyasına görə öldürüldüyünü göstərir.
Rüzgar bir müddət Türkiyədə yaşamış, lakin yaşayış icazəsi bitdiyi üçün Azərbaycana qayıdıb; elə Türkiyədə olduğu dövrdən əmisi və əmisi oğlu tərəfindən ona təhdidlər gəlirmiş.
Bu qətl hadisəsi Azərbaycanda LGBTİ+ fərdlərə qarşı zorakılıq mövzusunda həm hökumətin, həm də ictimaiyyətin mövqeyini təhlil etməyə imkan verir. Bu məqalədə hökumətin yanaşması və cəmiyyətin reaksiyası ayrı-ayrılıqda incələyəcək, son olaraq isə vəziyyəti Türkiyə ilə müqayisə edəcəyik.
Hökumətin yanaşması
Rəsmi qurumlar Rüzgarın qətli ilə bağlı hər hansı bir reaksiya verməyiblər. Daxili İşlər Nazirliyi hadisə barədə hər hansı rəsmi açıqlama yaymayıb. İstintaq aparılır, şübhəli qismində qətlə yetirilən şəxsin əmisi, 38 yaşlı Babək İbadov saxlanılıb. Lakin qətlin motivi barədə rəsmi məlumat yoxdur – böyük ehtimalla hadisə sadəcə adi bir qətl kimi dəyərləndirilir, nifrət zəminli cinayət kimi hüquqi qiymət almayacaq.
Azərbaycan qanunvericiliyində cinsi orientasiya və ya gender kimliyinə əsaslanan nifrət cinayəti anlayışı mövcud deyil; belə halları xüsusilə ağırlaşdırıcı hal kimi nəzərdə tutan maddələr yoxdur. LGBTİ+ hüquqları sahəsində illərdir tənqid edilən boşluqlar olduğu kimi qalır – ölkədə ayrı-seçkiliyə qarşı heç bir xüsusi hüquqi müdafiə mexanizmi yoxdur və nifrət nitqi halları cəzasız qalır.
Azərbaycanda rəsmilər beynəlxalq tənqidlərə qarşı adətən müdafiə mövqeyində çıxış edirlər. Rəsmi bəyanatlarda vurğulanır ki, guya qanun qarşısında hamı bərabərdir və heç kəs seksual orientasiyasına görə təqib edilmir; hökumət nümayəndələri ölkədəki tənqidləri “qərəzli” sayaraq inkar edirlər. Lakin reallıqda vəziyyət fərqlidir. Ölkə artıq uzun müddətdir ki, Avropada LGBT hüquqları kontekstində ən axırıncı yeri tutur.
ILGA-Europe təşkilatının “Göy Qurşağı” (Rainbow) indeksində Azərbaycan son 9 ildir 49 ölkə arasında sonuncu yerdə qərarlaşıb. 2025-ci il üzrə Azərbaycanın göstəricisi cəmi 2% olub ki, bu da hüquqi-siyasi mühitin LGBTİ+ insanlar üçün nə dərəcədə qeyri-dost olduğunu özündə əks etdirir. Müqayisə üçün, eyni reytinqdə Türkiyənin göstəricisi 5% təşkil edib (sondan üçüncü yer).
Hökumətin laqeyd mövqeyi əvvəllər də bənzər hadisələrdə özünü göstərib. Məsələn, 2022-ci ildə jurnalist və LGBT aktivisti Əvəz Hafizli Bakıda əmisi oğlu tərəfindən amansızlıqla öldürülüb; qatillə qurban arasında qohumluq əlaqəsi və qətli törədən tərəfin “namus məsələsi”ndən bəhs etməsi bu cinayətin də homofob nifrət zəminində baş verdiyi şübhəsiz edirdi. Lakin həmin iş üzrə cinayətkar yalnız 9 il həbs cəzası aldı və cinayət motivi rəsmi olaraq “mübahisə zəminində qətl” kimi qiymətləndirildi.
2024-cü ilin mart ayında isə Bakıda bir trans qadın qətlə yetirilib – bu hadisə haqqında da LGBTQ+ icması məlumat yayıb, rəsmi qurumlar isə yenə səssiz qalmağı seçib. Bütün bu faktlar hökumətin LGBTİ+ vətəndaşların təhlükəsizliyi məsələsində biganə davrandığının, cinayətlərin qarşısını almaq üçün ciddi addımlar atmadığını göstəricisidir. Hətta Avropa Şurası da hesabatlarında qeyd edir ki, Azərbaycan indiyə qədər nifrət nitqi və nifrət cinayətlərinin uçotunu aparacaq heç bir sistem yaratmayıb.
Yekun olaraq, hökumətin yanaşmasını susqunluq, inkar və tədbirsizlik kimi xarakterizə etmək olar. Rəsmi şəxslər LGBTİ+ icmasına qarşı zorakılığı açıq şəkildə qınamır, hüquqi islahatları həyata keçirməyə isə maraq göstərilmir. Nəticədə cəzasızlıq mühiti yaranır.
“Minority Azərbaycan” platforması tərəfindən paylaşılan bəyanatda bildirilir ki, Azərbaycandakı “sistemli kuirfobiya, cəmiyyətin susqunluğu və dövlət orqanlarının laqeydliyi belə faciələr üçün zəmin hazırlayır və onların təhlükəli nəticələrə gətirib çıxarmasına yol açır”. Başqa sözlə, dövlətin reaksiyasızlığı və passivliyi nifrət cinayətlərini dolayısı yolla təşviq etmiş olur.
- Türkiyə universitetlərində Rojin Kabaiş etirazları
- Bakı yaddaşsızlaşdırılır: Mehriban Əliyeva UNESCO-da, Bayır Şəhər isə ekskavatorun altında
- Luvr muzeyində “əsrin qarəti”: Nə oğurlayıblar?
Cəmiyyətin reaksiyası
Rüzgarın öldürülməsi xəbəri yayıldıqdan sonra ölkənin LGBTİ+ icması arasında qorxu və qəzəb baş qaldırıb. Bir tərəfdən, kuir fərdlər növbəti dəfə öz həyatlarının təhlükədə olduğunu, cəmiyyətin bir hissəsinin onlara qarşı ölümcül dərəcədə aqressiv ola biləcəyini gördülər; digər tərəfdən, sosial şəbəkələrdə həm ictimai fəallar, həm də bəzi tanınmış simalar bu qətli törədənləri və ümumən homofobiyanı tənqid ediblər.
Sosial mediada #RüzgarÜçünƏdalət tələbi ilə çoxsaylı paylaşımlar edilib. LGBTİ+ icmasının onlayn platforması “Qıy Vaar” rəsmi qurumları məsələyə dərhal reaksiya verməyə çağırıb, ictimaiyyətə dəstək üçün müraciət edib. Yəni, aktiv kəsim dövlətin susmamasını tələb edib.
Bəzi məşhurların hadisəyə reaksiyası da xüsusi diqqət çəkib. Tanınmış müğənni-bəstəkar Murad Arif və müğənni Səmra Rəhimli (Samra) “Instagram” hesablarında Rüzgarın xatirəsini yad edərək, ölkədəki homofobiyanı tənqid edən paylaşımlar ediblər.
Murad Arif yazıb: “Bakıda bir queer gənc əmisi tərəfindən bıçaqlanaraq öldürülüb. 19 yaşı vardı… fərqləndiyi üçün həyatı yarıda kəsdirildi. Cəmiyyət olaraq gedəsi yolumuz varmış demək. “Nifrət” əvəzinə “anlayış və sevgi” öyrənməliyik… Amma bu uşağın həyatı geri dönməyəcək. Təəssüf… HOMOFOBİYA ÖLDÜRÜR!“
Səmra Rəhimli də paylaşımında vurğulayıb ki, “19 yaşlı bir insan sadəcə özü olduğu üçün həyatını itirdi. Heç kim özü olduğu üçün ölməməlidir. Sevgi günah deyil… Hər kəs azad və bərabər doğulur, təhlükəsiz yaşamaq haqqına malikdir!”
Bu cür çıxışlar Azərbaycan şou-biznesində nadir hadisə sayılır, çünki əksər məşhurlar LGBTİ+ mövzularında ictimai mövqe bildirməkdən çəkinirlər. Murad Arif və Samranın sözləri cəmiyyətin ən azından bir hissəsinin nifrətə qarşı mövqelənməyə başladığını göstəricisi hesab edilə bilər. Amma bu, həm də hökümətin formalaşan qəzəbi nəzarətdə saxlamaq metodlarından biridir.
Bununla yanaşı, cəmiyyətin böyük bir qismi hadisəyə səssiz qalıb. Ölkədə LGBTİ+ məsələlərinə dair dominant ictimai rəy hələ də mənfidir; bir çox insan ya biganəlik nümayiş etdirir, ya da gizli də olsa qətlin “fərqli” insana qarşı törədilməsinə haqq qazandırmağa çalışır. Sosial şəbəkələrdə şərh bölmələrində çoxlu homofob yazılara da rast gəlinir. Mühafizəkar kəsim susqunluğu və aşkar homofobiyası ilə xüsusi seçilir. Cəmiyyətin susqunluğu da problemin bir hissəsidir və dövlətin passiv mövqeyi ilə birləşərək təhlükəli nəticələrə gətirib çıxarır.
Bununla əlaqədar, Azərbaycan LGBTİ+ icmasının fəalları birgə bəyanat yayaraq hakimiyyəti konkret addımlar atmağa çağırıblar. Həmin bəyanatda vurğulanan tələblər bunlardır:
- Rüzgarın qətli ilə bağlı təcili, qərəzsiz və şəffaf istintaq aparılsın; istintaq zamanı qətlin nifrət motivi xüsusilə nəzərə alınsın.
- Cinayəti törədən və ya onu törətməyə təhrik edən bütün şəxslər qanun qarşısında cavab versinlər.
- Zərərçəkmişin ailəsi və şahidlər istintaq gedişində mümkün təzyiq və təhdidlərdən qorunsun.
- Hüquqi islahatlar həyata keçirilsin: seksual orientasiya və gender kimliyinə əsaslanan nifrət cinayətləri Cinayət Məcəlləsinə əlavə olunsun, belə hallara qarşı xüsusi maddələr qəbul edilsin.
- Dövləti təmsil edən şəxslər və qurumlar anti-LGBT nifrət çıxışlarını açıq şəkildə qınasın və cəmiyyətdə bərabərlik prinsiplərini təşviq edən maarifləndirmə kampaniyaları həyata keçirsin.
İcma dövlətin həm qanunvericilikdə, həm də ictimai-siyasi sferada aktiv rol almasını istəyir. Cəmiyyətin vicdanlı kəsiminin mövqeyi budur ki, heç bir insan kimliyinə görə öldürülməməlidir və nifrətin normallaşmasına son verilməlidir.
Türkiyə ilə müqayisə
Azərbaycandakı vəziyyəti regional qonşu Türkiyə ilə müqayisə etmək müəyyən mənada faydalıdır, çünki hər iki ölkə oxşar mədəni mühitə və ənənəvi dəyərlərə malikdir, lakin LGBT mövzusunda həm oxşarlıqları, həm də fərqləri var.
İlk növbədə qeyd etmək lazımdır ki, Türkiyə də LGBTİ+ hüquqları indeksində Avropanın son sıralarında yer alır – ILGA-Europe 2025 hesabatına görə, Türkiyə 49 ölkə arasında sondan üçüncüdür və cəmi 5% nəticə göstərib (Azərbaycanla müqayisədə bir qədər yüksək olsa da, hələ də çox geridədir). Yəni hüquqi mühit baxımından Türkiyə də LGBTİ+ icması üçün demək olar yaşanmaz və repressivdir.
Türkiyə qanunlarında da seksual orientasiya üzrə xüsusi anti-diskriminasiya maddələri yoxdur, nifrət cinayəti anlayışı LGBTİ+ fərdləri qoruyacaq şəkildə təfsir edilmir. Həm Azərbaycan, həm də Türkiyədə eynicinsli əlaqə qanunsuz sayılmasa da (Türkiyədə heç vaxt qadağan olmayıb, Azərbaycanda isə 2000-ci ildən dekriminallaşdırılıb), hüquqi bərabərlik təmin olunmayıb.
Türkiyə hökumətinin son illərdə LGBT mövzusuna yanaşması açıq-aşkar nifrət xarakterlidir və hətta düşməncəsinədir. Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarında dəfələrlə LGBT icmasını hədəfə alıb, onları “sapqın” (yolunu azan) adlandırıb. Məsələn, o bildirmişdi ki, Türkiyədə “LGBT kimi sapqınlıqlara imkan verməyəcəyik”. Yəni dövlət siyasəti bu “sapkın” saydıqları davranışları cilovlamaqdır.
Hakimiyyət nümayəndələri tez-tez “ənənəvi aile dəyərləri”ni müdafiə etdiklərini deyərək LGBT-ni cəmiyyətə təhlükə kimi təqdim edirlər. Bunun nəticəsində Türkiyədə “Onur Yürüyüşü” adlanan qürur paradları və LGBT hüquqları uğrunda aksiyalar son illərdə qadağan edilir. İstanbulda hər il elan edilən yürüşü 2015-dən bəri polis zorakılıqla dağıdılır, iştirakçılar saxlanılır. Yəni Türkiyədə hökumət LGBT məsələsini siyasi-ideoloji mübarizə müstəvisinə çəkib, aşkar repressiya tətbiq edir.
Buna baxmayaraq, Türkiyədə vətəndaş cəmiyyəti və ümumən ictimai reaksiya Azərbaycanla müqayisədə daha fəaldır və görünəndir. Türkiyədə yüz minlərlə insanı səfərbər edə bilən qadın hüquqları hərəkatı fonunda LGBT aktivizmi də müəyyən dəstək tapır. Məsələn, 2016-cı ildə trans qadın aktivist Hande Kader İstanbulda vəhşicəsinə qətlə yetiriləndə (cəsədi zorlanmış və yandırılmış halda tapılmışdı), İstanbul küçələrində yüzlərlə insan “Hande Kader üçün ədalət” şüarları ilə etiraz aksiyası keçirib.
Bu nümayişlər zamanı “Yaşamaq uğrunda mübarizə aparaq”, “Hande üçün ədalət, hamı üçün ədalət” kimi bannerlər qaldırılmış, “Hande Kaderin qatiləri tapılsın və cəzalandırılsın” tələbi irəli sürülüb. Həmin dövrdə Türkiyə mediası bu hadisəyə geniş yer ayırıb və cəmiyyətin bir hissəsi qəzəbini ifadə edib. Düzü Hande Kader cinayəti tam həllini tapmasa da (qatillər uzun müddət tapılmayıb) və bu etirazlar kütləvi xalq hərəkatına çevrilməsə də, yenə də LGBT fərdlərin öldürülməsi məsələsini gündəmdə saxlamağa xidmət edib.
Ümumilikdə, Türkiyə tarixən Avropada trans fərdlərə qarşı ən çox qətl törədilən ölkələrdən biridir. “Al-Jazeera”nın Hande Kaderlə bağlı materialında qeyd edilib ki, 2008-2015-ci illər ərzində azı 41 trans və gender müxtəlifliyinə malik şəxs qətlə yetirilib ki, bu, həmin dövrdə Avropada birinci yer tutub.
Türkiyə cəmiyyətinin LGBT məsələsinə həssaslığı da dilemmadır. Bir tərəfdə böyük bir mühafizəkar kütlə var ki, hökumətin anti-LGBT ritorikasını dəstəkləyir, hətta 2022-ci ildə İstanbulda “LGBT-yə yox” şüarı ilə kütləvi “ailə yürüşü” təşkil olunub. Digər tərəfdə isə liberal və şəhərli təbəqə, gənclər və insan hüquqları müdafiəçiləri LGBT hüquqlarını açıq müdafiə edir.
Türk məşhurlarından bəziləri (məsələn, bəzi pop ulduzlar, aktrisalar) LGBT icmasına dəstək ifadə edirlər. Sosial şəbəkələrdə Türkiyədə #LoveWins, #PRIDE kimi kampaniyalar trend olur. Yəni Azərbaycanla müqayisədə Türkiyədə ictimai debat daha səs-küylüdür.
Azərbaycanda isə belə bir açıq ictimai müzakirə mühiti yoxdur; dövlət susqunluq mövqeyindədir, cəmiyyətdə isə mövzu çox az adam tərəfindən dilləndirilir.
Nəticə etibarilə, həm Azərbaycan, həm Türkiyədə LGBTİ+ icması təhlükə altında yaşayır, homofob cinayətlər real problemdir. Hər iki ölkədə hökümət bu problemi həll etmir – ya susur, ya da açıq şəkildə bu qərəzi alovlandırır.
Fərq odur ki, Türkiyədə bu mövzuda ictimai mübarizə və həmrəylik kampaniyaları nisbətən geniş vüsət alır, beynəlxalq media da bəzən diqqət yetirir. Azərbaycanda isə LGBT məsələsi demək olar ki, yeraltı mövzudur; əsasən Qərb mediası və yerli hüquq-müdafiə qurumlarının səyi ilə gündəmə gəlir. Bu fərqli dinamikaya rəğmən, hər iki ölkədə LGBT vətəndaşlar fundamental haqlar uğrunda çətin mübarizə aparmaq məcburiyyətində qalırlar.
Rüzgarın qətli