Gey vətəndaş qətlə yetirilib

Rüzgar adı ilə tanınan bir gey gənc, 25 yaşlı Yasin İbadov Bakının mərkəzində, Bəşir Səfəroğlu küçəsində çoxsaylı bıçaq xəsarətləri alıb və yerindəcə keçinib. Noyabrın 4-də baş verən hadisədə onun əmisi şübhəli bilinir.

Hadisənin təfərrüatları

Şahidlərin dediyinə görə, küçədə toplaşan insanlar müdaxilə etməyib, polisin hadisə yerinə gəlməsi isə yalnız qətli törətməkdə şübhəli bilinən şəxsin – əmisinin zəngindən sonra baş verib. Bildirilir ki, təcili yardım da lazımi tibbi dəstək göstərməyib.

“Meydan TV” yazır ki, Rüzgar Şamaxı rayonundandır və son illər Türkiyədə yaşayıb. O, Türkiyədə olduğu müddətdə dəfələrlə əmisi tərəfindən təhdid edildiyi üçün Azərbaycana qayıtdıqdan sonra həyatı təhlükə altında olub. Ailəsi ona gey olduğu üçün təzyiq edib.

Qətli törətməkdə şübhəli bilinən əmisi əvvəllər də məhkumluq həyatı yaşayıb.

Hələ də Daxili İşlər Nazirliyi faktla bağlı rəsmi açıqlama yaymayıb.



Azərbaycanda LGBTİQ+ hüquqları

“ILGA‑Europe”un 2024‑cü il “Rainbow” xəritəsinə görə, Azərbaycan 2 faiz göstərici ilə Avropanın ən aşağı reytinqli ölkələrindən biridir; ölkə anti-diskriminasiya qanunlarının olmaması və LGBTİQ+ şəxslərə qarşı nifrət nitqi və zorakılıq hallarının çoxluğu ilə diqqət çəkir.

Azərbaycanda oxşar hadisələr əvvəllər də baş verib. Məsələn, 2022‑ci il fevralın 22‑də jurnalist və LGBT hüquqları fəalı Əvəz Hafizli Bakıdakı evinin həyətində əmisi oğlu Əmrulla Gülalıyev tərəfindən öldürülmüşdü; cinayətin motivi homofobiya kimi təqdim edilmişdi. Hafizlinin ailəsi və hüquq müdafiəçiləri məhkəmənin verdiyi cəzanın yüngül olduğunu bildirmişdilər.

Gey vətəndaş qətlə yetirilib

Leave A Reply