Tramp İranı “bitmiş” sayır
ABŞ prezidenti Donald Tramp noyabrın 9-da Qətərin Baş naziri ilə qapalı görüşdən sonra Ağ Evdə gözlənilmədən jurnalistlərin qarşısına çıxıb və İranla müharibəni hərbi baxımdan bitmiş saydığını deyib. Onun sözlərinə görə, münaqişənin sonuna doğru “müsbət dinamika” var: “Düşünürəm ki, olduqca tezliklə bitəcək”.
Tramp vəziyyəti belə izah edib: “Biz sadəcə status-kvonu saxlayırıq və bunu əsasən İranın qonşularının xahişi ilə edirik”. Onun dediyinə görə, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Küveyt “ölkəmizin tarixindəki ən böyük dəniz blokadasının” davam etməsinə üstünlük verir. “Al Jazeera”nın yazdığına görə, bu status-kvoya İran limanlarının blokadası ilə yanaşı, yeni elan olunan “Iron Gate” işçi qrupu da daxildir. Qrupun məqsədi İranın quru yolu və Xəzər dənizi vasitəsilə ticarətini kəsməkdir.
Yeni zərbələrin “çox az ehtimal” olduğunu deyən Tramp, ABŞ-nin hazır vəziyyətdə qaldığını da əlavə edib: “Hərbi əməliyyat o qədər də zəruri görünmür, amma bunu dəyişən hər hansı səbəb olsa, tam hazırıq”. BBC-nin xatırlatdığına görə, prezident bunu ilk dəfə demir, amma indi şərait fərqlidir: respublikaçıların ara seçkilərdəki ağır məğlubiyyətini vitse-prezident Cey Di Vens də daxil olmaqla partiyanın aparıcı simaları İran müharibəsi ilə əlaqələndirir.
Görüşdə iştirak edən Qətərin Baş naziri şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani sosial şəbəkədə yazıb ki, regiondakı vəziyyəti və ABŞ-İran danışıqlarında irəliləmə yollarını müzakirə ediblər. Qətər bu müharibədə əsas vasitəçilərdən biridir.
Tehran isə Trampın sözlərini yayındırma sayır. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai X-də Vaşinqtonu “çıxılmaz vəziyyətə düşmüş qumarbaza” bənzədib: “Kartlarını yerə qoy. Uydurma danışıqlar barədə saxta xəbərlər yaymağı dayandır”. “Təsnim” agentliyi məlumatlı mənbəyə istinadla Vensin Dohada Rzai ilə görüşəcəyi barədə xəbərləri təkzib edib: ABŞ İranın yeddi şərti ilə bağlı praktik addım atmayınca, danışıq planı yoxdur.
“Al Jazeera”nın yazdığına görə, bu şərtlər arasında sanksiyaların qaldırılması, dondurulmuş vəsaitlərin azad edilməsi, Hörmüz boğazından Omanla razılaşdırılan yeni gəmiçilik marşrutunun tanınması və müharibənin bütün cəbhələrdə, o cümlədən İsrailin Livana hücumlarının dayandırılması var. Prezident Məsud Pezeşkian Tehranın danışıqlara açıq olduğunu, amma “gücə və hədəyə təslim olmayacağını” bildirib. ABŞ və İsrailin İrana zərbələri ilə fevralın 28-də başlayan müharibə bu günədək bütün regiona yayılıb.
Rubio noyabrın 10-da Parisdə jurnalistlərə deyib ki, sanksiyalar və dəniz blokadası elə yaxşı işləyir ki, Trampın böyük hərbi əməliyyata ehtiyacı yoxdur. “Iran International”ın yazdığına görə, o, Tehranın şərtlərini “absurd” adlandırıb, amma “real sazişə” açıq olduqlarını bildirib. “Reuters”in diplomatlara istinadla yazdığına görə, Rubio G7 görüşündə İrana “dağıdıcı” iqtisadi xərclərin davam edəcəyini deyib. Müdafiə naziri Pit Heqset isə Pentaqonda bildirib ki, müharibə ərzində 13 mindən çox hədəf vurulub, İranın nüvə sənayesinin 80 faizdən çoxu məhv edilib.


