“Droa” arzuolunmaz elan edilib
Rusiya Baş Prokurorluğunun mətbuat xidməti “Droa” partiyasının “açıq-aşkar rusofob mövqe” tutduğunu bildirib və onun Rusiyada fəaliyyətini arzuolunmaz sayıb. Gürcüstanın müxalif partiyası prokurorluğun sənədində iki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar münasibətlərin normallaşmasına qarşı çıxmaqda ittiham olunur.
Prokurorluğun iddiasına görə, “Droa” nümayəndələri Rusiya vətəndaşları üçün viza rejiminin bərpasını və birbaşa aviareyslərin dayandırılmasını tələb edir, Abxaziya və Tsxinvali bölgəsini (Cənubi Osetiya) Rusiyanın işğal etdiyi ərazilər sayır, Moskvanı beynəlxalq hüququ və Gürcüstanın suverenliyini pozmaqda günahlandırır. Sənəddə partiyanın fəaliyyətinin “Gürcüstanın hakim elitasının Rusiya ilə əlaqələrinin ifşa edilməsinə”, ölkədə birpartiyalı sistemin aradan qaldırılmasına və Avropa İttifaqına inteqrasiyanın sürətləndirilməsinə yönəldiyi yazılıb.
Prokurorluq partiyanın lideri Elene Xoştariyanı da tənqid edir. Xoştariya hakim “Gürcü Arzusu” partiyasını Rusiyayönlü siyasət yürütməkdə və ölkəni Avropaya inteqrasiyadan təcrid etməkdə ittiham edir. Sənəddəki iradlardan biri də “Droa”nın Ukrayna hakimiyyətini dəstəkləməsi və Gürcüstanın “Karpat səkkizliyi”nə qoşulmasının tərəfdarı olmasıdır. Bu, Ukrayna prezidenti Volodimir Zelenskinin sentyabrın 18-də təqdim etdiyi regional əməkdaşlıq təşəbbüsüdür.
Partiya cavabında Rusiyanın iradlarının məhz öz fəaliyyəti ilə bağlı olduğunu yazıb və altı səbəb sadalayıb. Bəyanatda deyilir: “Bu fürsətdən qürurla istifadə edərək bir daha bəyan edirik: Abxaziya və Tsxinvali bölgəsi Gürcüstandır! Qəhrəmanlara eşq olsun! İvanişvili rejimi Rusiya rejimidir! Biz Gürcüstanda İvanişvilinin Rusiya rejiminə son qoyacağıq! Gürcüstan Avropa İttifaqının və NATO-nun üzvü olacaq!”.
“Droa” (“Vaxtıdır!”) 2021-ci ildə Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə keçmiş dövlət naziri Xoştariya tərəfindən yaradılıb. Partiya korrupsiyaya qarşı mübarizəni və Rusiyanın təsirinə qarşı çıxmağı əsas gündəlik kimi təqdim edir.


