Kino və teatr

Britaniyalı teatr və kino aktyoru, “Star Trek: The Next Generation” serialında kapitan Jan-Lük Pikar və “X-Men” filmlərində professor Çarlz Ksavye rolları ilə dünya şöhrəti qazanmış Patrik Stüart 86 yaşında dünyasını dəyişib.

The Guardian xəbər verir ki, aktyor çərşənbə günü Los-Ancelesdəki evində vəfat edib. Onun uzun müddət sözçüsü olmuş Kelli Buş Novak bildirib ki, aktyor qısa müddət Altsheymer xəstəliyi və Levi cisimcikli demensiya ilə mübarizə apardıqdan sonra həyatını itirib. Novakın sözlərinə görə, o, son anlarını ailəsinin və dostlarının əhatəsində keçirib.

Patrik Stüart 1980-ci illərin sonlarında, 47 yaşında “Star Trek: The Next Generation” layihəsinə seçilənə qədər Britaniya teatr səhnəsinin tanınmış aktyorlarından idi. O, yeddi mövsüm davam edən serialdakı Jan-Lük Pikar rolu ilə qlobal miqyasda tanınıb. Aktyor bu obrazı layihənin dörd filmində və 2020-2023-cü illərdə yayımlanan “Star Trek: Picard” serialında yenidən canlandırıb.

The Guardian yazır ki, Stüartın digər ən məşhur ekran obrazı “X-Men” layihəsindəki professor Çarlz Ksavye olub. O, bu rolu yeddi filmdə oynayıb və dekabrda nümayiş olunacaq “Avengers: Doomsday” ekran əsərində də həmin obrazda tamaşaçı qarşısına çıxacaq.

Aktyorun vəfatı ilə bağlı sənət yoldaşları başsağlığı veriblər. Onun uzun illər dostluq etdiyi həmkarı İan MakKellen Stüartı öz nəslinin ən hörmətli və sevilən simalarından biri adlandırıb. Uilyam Şetner, Corc Takei, Hyu Cekman, Ben Kinqsli və “Marvel” rəhbəri Kevin Feyqi də aktyorun sənəti və şəxsiyyəti haqqında xatirələrini bölüşüblər.

1940-cı il iyulun 13-də İngiltərənin Mirfild kəndində fəhlə ailəsində anadan olan Stüart çətin uşaqlıq illəri yaşayıb və teatrı özünə sığınacaq seçib. O, 17 yaşında Bristol Old Vic Teatr Məktəbinə daxil olub, 1966-cı ildə isə Kral Şekspir Truppasına (RSC) qoşularaq 16 il orada çıxış edib.

Karyerası ərzində Şekspirin Otello, Maqbet, Prospero və Mark Antoni kimi rollarını ifa edən sənətçi iki “Laurence Olivier” mükafatına və 1996-cı ildə səsli alboma görə “Grammy”yə layiq görülüb, eləcə də “Tony” və dörd “Emmy” mükafatına namizəd olub. Onun sonuncu böyük teatr rolu 2016-cı ildə Londonun Vindhem Teatrında olub, 2023-cü ildə isə “Making It So” adlı memuarı nəşr edilib.

Üç dəfə ailə quran aktyorun ilk evliliyindən iki övladı var. O, 2013-cü ildən caz ifaçısı Sanni Ozell ilə evli idi.

Leave A Reply