Dünyanın ən yaşlı prezidenti Pol Biya 8-ci dəfə Kamerunun prezidenti elan edilib. 92 yaşlı prezidentin yeni mandatı 2032-ci ilədək davam edəcək.

Nə baş verib: Oktyabrın 27-də Konstitusiya Şurası iki həftə əvvəl baş tutan prezident seçkilərinin rəsmi nəticələrini açıqlayaraq Pol Biyanı qalib elan edib. Rəsmi rəqəmlərə görə, Biya səslərin 53 %, ən yaxın rəqibi İssa Çiroma Bakari isə 35 %-ni toplayıb.

  • Müxalifət isə seçkinin saxtakarlaşdırıldığını deyir. Bakari seçkinin ilkin nəticələrinə əsaslanaraq öz qalibiyyətini elan edib. Ötən gün keçirilən nümayişlər zamanı polislə toqquşmalar yaşanıb. 4 nəfər həyatını itirib.

Nə kəsb edir: Kamerundakı hadisələr Afrikada gənc nəsil və yaşlı liderlər arasındakı qarşıdurmanın növbəti nümunəsi kimi qiymətləndirilir. Biyanın 43 ildir idarə etdiyi Kamerunda 30 milyonluq əhalinin 70 faizindən çoxunun yaşı 35-dən aşağıdır. Onun yenidən namizədliyini irəli sürməsi gənc nəslin qəzəbinə səbəb olub. Seçkilərin saxtakarlıq və təzyiq şəraitində keçməsi isə qarşıdurmanı daha da dərinləşdirir.

Detallar

  • Müxalifət və beynəlxalq müşahidəçilər 12 oktyabrda keçirilən seçkilərin saxtakarlıq, təzyiq və seçici hüquqlarının məhdudlaşdırılması şəraitində baş tutduğunu deyir.
  • Müxalifətin əsas namizədi yarışdan kənarlaşdırılıb, ölkənin qərb və şimal bölgələrində internet məhdudiyyəti və hərbi nəzarət tətbiq olunub.
  • Onlarla müxalifət fəalı və liderləri həbs edilib.
  • Seçki günü müşahidəçilər səsvermə siyahılarında ölmüş şəxslərin adlarını aşkarlayıblar.
  • Müxalif namizəd İssa Çiroma Bakari seçkiləri “maskarad” adlandırıb və “birmənalı” şəkildə qalib gəldiklərini deyib.

Etirazlar: Ötən gün Bakarinin tərəfdarları və digər müxalif qruplar nümayişlər paytaxt Yaunde, iqtisadi mərkəz hesab edilən Duala və digər şəhərlərdə nümayişlər keçiriblər. Nümayişlər zamanı toqquşmalar yaşanıb. Dualada polisin atəşi nəticəsində 4 nəfər ölüb.

Hakimiyyət isə bütün ittihamları rədd edərək seçkinin “qanuni və şəffaf” keçdiyini bəyan edib. Konstitusiya Şurası seçkinin nəticələrini “xalqın iradəsinin təntənəsi” kimi təqdim edib.

Pərdəarxası: Pol Biya 1982-ci ildə Kamerunun ilk prezidentinin istefasından sonra hakimiyyətə gəlib. Konstitusiya dəyişiklikləri vasitəsilə prezidentlik müddəti ilə bağlı məhdudiyyətləri aradan qaldıraraq hakimiyyətdə qalıb.

Biyanın hakim Xalq Demokratik Hərəkatı Partiyası ölkədə dövlət strukturlarını, o cümlədən seçki orqanını tam nəzarətdə saxlamaqda tənqid edilir. Prezidentin həyat yoldaşı Şantal Biyanın dövlət qərarlarına təsir etdiyi iddia olunur.

  • AP yazır ki, Biyanın vaxtının çoxunu Avropada keçirməsi, idarəetməni partiya rəsmilərinə və ailə üzvlərinə həvalə etməsi onun səhhəti ilə bağlı müzakirələrə səbəb olur.
  • Tənqidçiləri onu ölkəni böhran və münaqişəyə sürükləməkdə günahlandırırlar.
  • Neft ölkəsi olan Kamerunda Biyanın hakimiyyəti dövründə müəyyən iqtisadi artım qeydə alınsa da, gənclər bundan yalnız elitanın faydalandığını deyirlər.

Leave A Reply