Nepalda hökumət devrildi

Nepalın Baş naziri Khadqa Prasad (KP) Şarma Oli ölkəni bürüyən kütləvi etirazların fonunda istefa verib. İstefanı hökumət başçısının yaxın çevrəsi təsdiqləyib.

Nepalda çevik polis ilə etirazçılar arasında toqquşmalar / AFP/Getty Images - Nepalda hökumət devrildi
Nepalda çevik polis ilə etirazçılar arasında toqquşmalar / AFP/Getty Images

Aksiya dalğası hökumətin 26 sosial şəbəkə və mesajlaşma platformasını (o cümlədən “Facebook”, “Instagram”, “X”, “YouTube”, “WhatsApp”, “TikTok”) bloklaması ilə alovlanmışdı. Paytaxt Katmandu və digər şəhərlərdə qarşıdurmalar nəticəsində ən azı 19 nəfər həlak olmuş, yüzlərlə insan yaralanmışdı.

Qadağa bu gün fövqəladə iclasdan sonra rəsmi olaraq geri götürülüb.

Etirazların lokomotivi əsasən “Z nəsli” hesab olunur. Gənclər korrupsiya, işsizlik, siyasi durğunluq və onlayn platformaların bağlanmasına etiraz edərək küçələrə çıxıblar. Qadağanın ləğvi gərginliyi azaltmayıb; ölkənin müxtəlif yerlərində hökumət binaları və siyasətçilərin evləri hədəfə alınıb, polis və nümayişçilər arasında toqquşmalar davam edib.



Bir neçə nazir istefa verib. Bəzi regional medialar bir sıra məmurların ölkəni tərk etdiyini yazır; bəzi nazirlərin ölkədən çıxmağa hazırlaşdığı barədə iddialar irəli sürülüb, lakin bu məlumat rəsmi qaydada təsdiqlənməyib.

Yerli və beynəlxalq mətbuat etirazların miqyasını “2006-cı ildən bəri ən qanlı gün” kimi təsvir edir; həmçinin etirazlar zamanı prezident və baş nazirin şəxsi iqamətgahlarına hücumlar, administrativ komplekslərin mühasirəyə alınması və hava limanında işin məhdudlaşdırılması haqda xəbərlər yayılıb.

Hakimiyyət hadisələrlə bağlı təhqiqat vəd edib.

Olinin istefası ölkədə hökumətin formalaşdırılması və mümkün vaxtından əvvəl seçkilər barədə siyasi ticarətləri sürətləndirə bilər. Regionun iki əsas qonşusu – Hindistan və Çin gərginliyi yaxından izləyir; Dehli hadisələrdə ölənlərlə bağlı başsağlığı verib.

Nepalda hökumət devrildi

Leave A Reply