Cüdo turniri
Azərbaycan cüdo millisinin üzvü Hidayət Heydərov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən “Böyük Dəbilqə” yarışında bürünc medala sahib çıxıb.
Report.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində yarışan idmançı Lusian Borş Dumitresku (Rumıniya), Əbdül Malik Umayev (Belçika) və Akil Qyakovaya (Kosovo) qalib gələrək yarımfinala adlayıb.
Yarımfinal qarşılaşmasında Tacikistan idmançısı Məsudi Əhməzoda məğlub olan Hidayət Heydərov mübarizəni bürünc medal görüşündə davam etdirib.
O, üçüncü yer uğrunda qarşılaşmada Böyük Britaniya təmsilçisi İrakli Qoqinaşvilini məğlub edib.
Beləliklə, Azərbaycan yığmasının turnirdə əldə etdiyi medalların ümumi sayı dördə çatıb. Heydərovdan əvvəl Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) yarışın qızıl, Rəşad Yelkiyev (66 kq) isə bürünc medalını qazanıblar.


