Ermənistan
Ermənistanda məhkəmə “Taşir” şirkətlər qrupunun rəhbəri, “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan barəsində bir aylıq həbs qərarı seçib. O, yanvardan ev dustaqlığında idi, noyabrın 4-də saxlanılıb.
İstintaq Komitəsi iddia edir ki, 2016-2024-cü illərdə Karapetyan bir qrup şəxsin “Ermənistan Elektrik Şəbəkələri” şirkəti ilə bağlı cinayətlərini təşkil edib, ziyan 64,58 milyard dram, təxminən 180 milyon dollardır. Qurumun məlumatına görə, 65 ünvanda axtarış aparılıb, 36 nəfərə qarşı iş qaldırılıb. Hökumət oktyabrın 15-də Karapetyana məxsus bu şirkətin səhmlərini “üstün ictimai maraq obyekti” elan etmişdi.
Azadlıq Radiosunun erməni xidməti yazır ki, həmin gün müxalifət qüvvələri onun evində toplaşıb. “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyanın oxuduğu bəyanata Levon Ter-Petrosyanın Erməni Milli Konqresi, Robert Koçaryanın “Ermənistan” alyansı və “Daşnaksutyun” da imza atıb. Müəlliflər “Əliyev konstitusiyasının tətbiqi” adlandırdıqları addıma qarşı birləşdiklərini bildirir. “Güclü Ermənistan” həbsin bu mövqedən irəli gəldiyini iddia edir.
Bakı sülh sazişi üçün Ermənistan konstitusiyasının preambulasının dəyişdirilməsini tələb edir. Hakim partiyanın layihəni referenduma çıxarmaq üçün ən azı altı müxalifət deputatının səsinə ehtiyacı var. Baş nazir Nikol Paşinyan ötən ay razılıq olmasa, növbədənkənar seçkinin istisna edilmədiyini demişdi. Həmin gün başqa müxalifət lideri Qaqik Tsarukyanın da həbs müddəti üç ay uzadılıb.
Foto: Azadlıq Radiosu.


