Sayğac gecikməsi və tarif

Azərbaycanda bəzi abonentlər elektrik sayğaclarının ayın əvvəlində vaxtında sıfırlanmamasından şikayət edir. Azadlıq Radiosuna danışan sakinlərin sözlərinə görə, pilləli tarifdə aylıq limitlər hər ayın 1-də yenilənməlidir, sıfırlanma gecikəndə isə işığın pulu ən yüksək, 15 qəpiklik tariflə hesablanır. “Artıq noyabrın 9-dur, amma bizim sayğac hələ də sıfırlanmayıb”, - Abşeron sakinlərindən biri deyib.

Azərbaycanda əhali abonentləri üçün aylıq istehlak həcminə görə artan pilləli tariflər tətbiq olunur. Bu sistemdə ayın əvvəlində güzəştli limit yenilənmədikdə abonentin işlətdiyi enerji daha yüksək pilləyə düşə bilir.

Adının çəkilməsini istəməyən başqa bir sakin bu problemi “Azərişıq” ASC əməkdaşlarının bilərəkdən, yoxsa bilməyərəkdən yaratdıqlarını anlamadıqlarını deyib: “Fakt ondadır ki, bundan biz ziyan çəkə bilərik”. Azadlıq Radiosu şikayətlərə “Azərişıq”dan münasibət öyrənə bilmədiyini yazır.

Ekspertlərin fikrincə, problem yalnız mexaniki sayğaclarda yarana bilər. “Smart” (kartlı) sayğaclarda hər ayın 1-də mərkəzi sistem limiti avtomatik yeniləyir, abonent karta pul yükləyib sayğaca daxil edəndə yeni ayın güzəştli tarifi işə düşür. Mexaniki və elektron (kodlu) sayğaclarda isə “Azərişıq” əməkdaşları aylıq oxunma aparıb faktura çıxardıqdan sonra növbəti ayın limiti aktivləşir.

Şikayətlər ev təsərrüfatlarının xərclərinin müzakirə olunduğu vaxta düşüb: gələn il yaşayış minimumunun 314 manat olacağı bildirilib, sakinlər isə elektrik sayğaclarının vaxtında sıfırlanmamasının aylıq ödənişi artırdığını deyir.

Leave A Reply