Fairford planında ittiham

ABŞ Ədliyyə Nazirliyi noyabrın 10-da İranın dəstəklədiyi üç nəfərə ABŞ-də və Avropada bir sıra hücum planlarında ittiham elan edib. BBC-nin yazdığına görə, nazirlik İran agentlərinin “Britaniyadakı hərbi hava bazasında terror planı qurduğunu” bildirir və bunu sentyabrda ABŞ hərbçilərinin yerləşdiyi RAF Fairford bazası yaxınlığındakı hadisə ilə əlaqələndirir.

Səkkiz maddəlik ittiham aktı İran vətəndaşı Möhsün Mühacir, İraq vətəndaşı Məhəmməd Əli əl-Həsəni və İran-İraq ikili vətəndaşı Məhəmməd Baqir Səad Davud əs-Saədiyə qarşıdır. Onlardan biri əvvəlki ittihamlar üzrə məhkəməni gözlədiyi Nyu-Yorkdakı həbsxanadan Britaniyadakı əlaqələri ilə yazışmaqda, digər ikisi bunu İrandan etməkdə təqsirləndirilir. Nazirliyə görə, əl-Həsəni avqustda Britaniyadakı adamlarına bazanın ətrafında kəşfiyyat və hazırlıq işləri üçün pul ödəyib.

Sentyabrın 27-də Gloucestershire qraflığındakı Fairford bazası yaxınlığında üç şübhəli furqon görüləndən sonra fövqəladə vəziyyət elan olunmuşdu. Furqonlarda partlayıcı tapılmasa da, benzin götürülmüşdü, Britaniyada yeddi nəfər saxlanılıb. ABŞ keçən ay bütün bombardmançı təyyarələrini bu bazadan çıxarıb. İran Fairford hadisəsinə hər hansı aidiyyətini qəti şəkildə rədd edir.

Ədliyyə Nazirliyinin açıqlamasına görə, şübhəlilər “Ashab əl-Yəmin İslam Hərəkatı” adı ilə hərəkət edən qrupla bağlıdır. Bu qrup 2026-cı ilin yazında Avropada 18 hücumu öz üzərinə götürüb, onlardan yeddisi Britaniyada olub. Hücumlar arasında yandırma, partlayış və aprel ayında Londonun Qolders-Qrin məhəlləsində iki yəhudi kişinin bıçaqlanması var. FBI direktoru Keş Patel ittihamların İranın Avropa və ABŞ-də hücumlar törətmək əzmini göstərdiyini deyib və şübhəlilərin SEPAH və İraqdakı “Kətaib Hizbullah” qruplaşmasına dəstək məqsədilə 20-yə yaxın hücum cəhdində iştirak etdiyini iddia edib.

“The New York Times”ın mənbələrə istinadla yazdığına görə, ABŞ-nin maliyyə naziri Skott Bessent İranın təhdidləri səbəbindən Vaşinqtondakı evindən hərbi bazaya köçüb. Qəzetə görə, amerikalı rəsmilər son həftələrdə İranın hazırkı və keçmiş ABŞ rəsmilərinə qarşı planlarının daha irəli mərhələyə çatdığı qənaətinə gəlib. Maliyyə Nazirliyinin nümayəndəsi Bessentin İran rejiminin təhdidləri ilə dayanmayacağını bildirib.

Leave A Reply