ABŞ hərbçisinə casusluq şübhəsi
Britaniyanın terrorla mübarizə polisi noyabrın 10-da ABŞ ordusunun 41 yaşlı yüksək rütbəli hərbçisini Rusiyaya casusluq şübhəsi ilə Gloucester şəhəri yaxınlığında saxlayıb. BBC-nin yazdığına görə, o, 2023-cü il Milli Təhlükəsizlik Aktının qorunan məlumatı əldə etmək və ya ötürmək, eləcə də xarici kəşfiyyat xidmətinə kömək etməklə bağlı maddələri əsasında saxlanılıb.
BBC-nin məlumatına görə, hərbçi Gloucestershire qraflığının Innsvort qəsəbəsindəki “Imjin” kazarmasında xidmət edib. Burada NATO-nun Müttəfiq Sürətli Reaksiya Korpusunun qərargahı yerləşir. Polis qraflıqda iki ünvanda axtarış aparır, adı açıqlanmayan hərbçi Londondakı polis bölməsində saxlanılır. Qanun polisə onu ittiham irəli sürmədən 14 günə qədər saxlamağa imkan verir.
Londonun terrorla mübarizə polisinin rəhbər müavini Viki Evans saxlanmanı “əhəmiyyətli” adlandırıb: “İddialar ciddidir və araşdırmamız davam edir”. Polis işin digər araşdırmalarla bağlı olmadığını bildirib. FBI direktoru Keş Patel isə ABŞ-yə verdiyi andı pozan heç kəsə dözümlü yanaşmayacaqlarını deyib. ABŞ Ordusunun Əks-kəşfiyyat Komandanlığının rəhbəri, briqada generalı Şon Stinçon bildirib ki, həssas məlumata çıxışı olan yüksək rütbəli hərbçiyə aid iddia “daxili təhdidlərin real və davamlı olduğunu” xatırladır. O, şübhəli hal görənləri əks-kəşfiyyat bölmələrinə müraciət etməyə çağırıb.


