Misirli redaktora həbs təhlükəsi
Misirin ən tanınmış müstəqil media qurumu “Mada Masr”ın rəhbəri Lina Əttalah noyabrın 11-də cinayət məhkəməsi qarşısına çıxır və ona həbs cəzası verilə bilər. “France 24”ün yazdığına görə, jurnalist 2024-cü ildə lisenziyasız xəbər saytı idarə etmək və “yalan xəbər yaymaq” ittihamı ilə qiyabi olaraq bir il həbsə məhkum edilib, işə yenidən baxılır. “Yalan xəbər” ittihamı Misirdə jurnalistlərə və müxaliflərə qarşı tez-tez işlədilir.
Əttalah qiyabi hökmdən yalnız oktyabrda, oxşar ittihamlarla tələsik keçirilən başqa bir məhkəmədən sonra azadlığa buraxılanda xəbər tutub. O işdə ona üç milyon Misir funtu (təxminən 56 min dollar) cərimə verilib, məhkəmə “Mada Masr”ın bağlanmasına da qərar verib. Sayt on ildən artıqdır davam edən təqiblərə baxmayaraq fəaliyyətini saxlayıb.
BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Səmin əl-Xitan noyabrın 10-da Misirin “mətbuat azadlığına genişlənən hücumlarını”, müstəqil jurnalistlərin hədəfə alınmasını və təqib olunmasını tənqid edib. Onun sözlərinə görə, Əttalahın təqibi ədalətli məhkəmə ilə bağlı yeni narahatlıq yaradır.
Əttalah məhkəmədən əvvəl AFP-yə deyib ki, “Mada Masr” səkkiz il ərzində dəfələrlə lisenziya üçün müraciət edib, cavab almayıb: “Biz tənzimləməyə qarşı deyilik, lisenziya nəzarət və kənarlaşdırma vasitəsinə çevriləndə problemimiz olur”. Onun fikrincə, hakimiyyət müstəqil media üçün onsuz da məhdud olan məkanı daraldaraq yalnız “sükut” qoymağa çalışır.


