Azarkeşliyə qadağa
Azərbaycan I Liqasının 23-cü turu çərçivəsində keçirilən “Cəbrayıl” – “Mingəçevir” matçında polis azarkeşin tribuna davranışına müdaxilə edib.
Hadisə zamanı tribunadakı azarkeşlərdən biri komandasını dəstəkləmək üçün qışqıranda polis əməkdaşı ona yaxınlaşaraq xəbərdarlıq edib:
“Sənə demədim qışqırmaq olmaz? Dedik əl çal, amma qışqırma da!”
Bu anı əks etdirən video sosial şəbəkələrdə sürətlə yayılıb və böyük rezonans doğurub. Lakin video yayımlandıqdan bir neçə saat sonra əksər səhifə və hesablar tərəfindən silinib.
Hadisə necə baş verib?
Matç davam edərkən azarkeşlərin emosional dəstəyi zamanı polis əməkdaşları tribunada “qışqırmağı” qadağan edib. Video görüntülərdə aydın görünür ki, polis əməkdaşı azarkeşə yalnız əl çalmağa icazə verdiyini, qışqırmağın isə yolverilməz olduğunu bildirir.
Bu epizod sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub. Bir çoxları hadisəni “azarkeşliyin məhdudlaşdırılması” kimi qiymətləndirib və “futbol matçında qışqırmaq qadağandır?” sualını veriblər. Digər tərəfdən, bəziləri polisin “tribunada asayişi saxlamaq” cəhdi kimi izah ediblər.
Daxili İşlər Nazirliyi və ya AFFA tərəfindən hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.
Bu hadisə Azərbaycan futbolunda azarkeş mədəniyyəti və tribunada davranış qaydaları ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb.
Azarkeşliyə qadağa