Çinar MTK sakinləri etiraz

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Çinar AN” MTK-ya məxsus 600 mənzilli yaşayış kompleksində ciddi problem yaranıb. Güclü yağışlar nəticəsində binanın zirzəmisi su ilə dolub, elektrik sayğacları və su təchizatı sistemi su altında qalıb. Nəticədə kompleksdə yaşayan yüzlərlə ailə artıq 11 gündür həm işıqsız, həm də susuz qalıb.

Sakinlərin sözlərinə görə, zirzəmi tamamilə su ilə dolduqdan sonra elektrik enerjisi tam dayanıb, su nasosları işləmədiyi üçün su təchizatı da kəsilib.

Onlar öz imkanları ilə zirzəmidəki suyu çıxarmağa çalışsalar da, problem həll olunmayıb. MTK-nın vaxtında tədbir görməməsi səbəbindən vəziyyət getdikcə ağırlaşır.

Narazı sakinlər etiraz əlaməti olaraq Bakı-Sumqayıt magistral yolunun bir hissəsini kəsiblər. Onlar maşınlarından siqnal verərək diqqət çəkib, “İşıq verin, su verin!” şüarları səsləndiriblər. Sakinlər problemin tezliklə həll olunmasını, Xırdalan Şəhər İcra Hakimiyyəti və “Azərişıq” ASC-dən operativ müdaxilə tələb edirlər.

Kompleksdə əsasən gənc ailələr və uşaqları yaşadığı üçün vəziyyət xüsusilə ağırdır – işıqsız və susuz qalmaq gündəlik həyatı iflic edib.

Rəsmi qurumların bu məsələ ilə bağlı indiyədək açıqlaması yoxdur. Sakinlər bildirirlər ki, problem artıq 10-11 gündür davam edir və hələ də heç bir irəliləyiş yoxdur.

Bu cür problemlər Xırdalan və Abşeron ərazisində güclü yağıntılardan sonra tez-tez təkrarlanır. Sakinlər uzun illərdir zirzəmilərin drenaj sisteminin yaxşılaşdırılmasını və elektrik avadanlıqlarının qorunmasını tələb edirlər.

Çinar MTK sakinləri etiraz

Leave A Reply