Həzi Aslanov stansiyası
Tanınmış memar, memarlıq üzrə elmlər doktoru, professor Elçin Əliyev sosial şəbəkə hesabında “Həzi Aslanov” metro stansiyasının platformasının vəziyyətini tənqid edib.
Professor yazıb: “Platformanın vəziyyəti məni dəhşətə gətirdi”.
Elçin Əliyev qeyd edib ki, stansiyanın çürümüş mərmər üzlüyü uzun illərdir sistemli şəkildə suyun daxil olduğunu göstərir:
“Çürümüş mərmər üzlüyün vəziyyətinə əsasən demək olar ki, su buraya çoxdan və sistemli şəkildə daxil olur – bu, heç də bir ilin problemi deyil”.
Memar vurğulayıb ki, stansiyadakı bu vəziyyət metropolitendə tez-tez baş verən qısa qapanmaların və qatarların hərəkətinin iflic olmasının əsas səbəbidir:
“İndi aydın olur ki, niyə zaman-zaman metropolitendə kabellərdə qısa qapanmalar baş verir və qatarların hərəkəti iflic olur: problem köhnədir və bir neçə gün əvvəl yağış zamanı baş verən hadisə tamamilə gözlənilən idi”.
Elçin Əliyev sual edir:
“Maraqlıdır, hidroizolyasiya işlərini keyfiyyətsiz yerinə yetirən tikintiçilər cinayət məsuliyyətinə cəlb olunacaqlarmı? Yoxsa, adətən olduğu kimi, yenə hər şeyi “fövqəladə təbii hadisələrin” üzərinə yazacaqlar?”
Professorun paylaşımı sosial şəbəkədə geniş müzakirəyə səbəb olub.
“Həzi Aslanov” stansiyası 2002-ci ildə istismara verilib.
Bakı Metropoliteni rəhbərliyindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Həzi Aslanov stansiyası