Parisin Luvr muzeyi oktyabrın 19-da filmlərə bənzər oğurluğun hədəfinə çevirilib. Dörd nəfərlik “peşəkar dəstə” cəmi 7 dəqiqə ərzində Fransa taxt-tacına məxsus zinət əşyalarını oğurlayıb.
Nə baş verib
- Qarət bazar günü səhər, muzey ziyarətçilərə açıldıqdan bir neçə dəqiqə sonra baş verib.
- Oğrular yükqaldıran maşınla Fransa tax-tacına məxsus əşyaların saxlandığı Apollon Qalereyasına qalxıb, pəncərini sındıraraq içəri daxil olublar.
- Daha sonra vitrinləri kəsici alətlərlə sındıraraq Napoleon və imperatriçalara aid zinət əşyalarını götürüblər.
- Oğurlanan 9 zinət əşyasından biri sonradan hadisə yerində tapılıb. İmperatriça Evgeniyanın tacı oğrular qaçarkən düşüb və zədələnib.
Detallar
Fransa Daxili İşlər Naziri Loren Nünes qarətin “əvvəlcədən kəşfiyyatı aparılmış, dəqiq planlaşdırılmış əməliyyat” olduğunu deyib. 4 nəfərlik dəstə “olduqca təcrübəli” olub və cəld hərəkət edib.
- Oğrular yükqaldıran maşınla muzeyin Sena çayına baxan və hazırda təmir işləri aparılan fasadına yaxınlaşıb, pəncərəni sındıraraq içəri daxil olublar.
- Silahsız olsalar da, müdaxilə etmək istəyən muzey mühafizəçilərini kəsici alətlərlə hədələyiblər.
- Dəstə üzvləri hadisə yerindən motosikletlə qaçıblar.
- “Onlar dörd dəqiqəyə daxil olur, vitrinləri sındırır, yeddi dəqiqəyə işi bitirib çıxırlar. Heç kimə toxunmurlar. Çox peşəkar şəkildə işləyiblər”, – Paris prokuroru Lor Beko deyib.

Oğurlanan əşyalar
- Kraliça Mari-Amelinin və Kraliça Hortensin dəstindən tac, boyunbağı və sırğa,
- İmperatriça Mari-Luizin zümrüdlərlə bəzədilmiş boyunbağısı və sırğaları,
- İmperatriça Evgeniyanın diademası və böyük broşu,
- “Reliquary brooch” adlı bəzək sancağı.

Musée du Louvre

François-Régnault, Musée du Louvre


Kramer, François, Musée dLouvre

Hadisədən sonra
- Bazar günü ziyarətçilər təxliyə edilib, muzey bağlanıb. Bazar ertəsi də bağlı qalıb.
- Polis “təşkilatlanmış cinayətkar qrup tərəfindən ciddi oğurluq” maddəsi ilə istintaq aparır.
- Daxili İşlər Nazirliyi xarici müdaxilə ehtimalını da araşdırır.
- Fransa mətbuatı hadisəni “əsrin qarəti” adlandırıb.
- Hadisə Fransada muzeylərin təhlükəsizliyi ilə bağlı müzakirələri yenidən qızışdırıb.
Nə deyirlər?
Emmanuel Makron: “Bu oğurluq bizim tariximizə hücumdur. Hər şey edilir ki, günahkarlar tapılsın və əsərlər geri qaytarılsın.”
Paris meri Ariel Veil: “Bu, Luvrda son yüz ildə görülməmiş hadisədir. 1911-ci ildə Mona Liza oğurlanandan bəri belə bir şey olmayıb”, deyib.
Apollon Qalereyası
Luvr dünyanın ən çox ziyarət edilən muzeyidir – 2024-cü ildə 8,7 milyon turist qəbul Edib. Muzeyin günlük ziyarətçi sayı 30 mini keçə bilir.
- Muzeydə 33 mindən artıq əsər var.
- Oğruların hədəfi olan Apollon Qalereyası 1661-ci ildə XIV Lüdovikin sifarişi ilə inşa edilib.
- Qalereya Günəş tanrısı Apollona həsr olunub və Versal sarayındakı Güzgülər salonunun ilham mənbəyi sayılır.
- Burada Fransa taxt-tac zinətləri seçilən nümunələri, o cümlədən 60 milyon dollardan artıq dəyəri olan “Regent almazı” saxlanılır. Oğurluq zamanı almaza toxunulmayıb.