İndoneziyalı muzdlu əsir düşüb

Ukrayna ilk dəfə İndoneziya vətəndaşını hərbi əsir götürdüyünü açıqlayıb. Ukrayna dövlətinin “Yaşamaq istəyirəm” layihəsinə istinadla “The Guardian”ın yazdığına görə, Yava adasından olan 49 yaşlı kişi Rusiya qüvvələrinin hücumunda iştirak etmək üçün Zaporojye bölgəsinə aparılıb, qrupu dron hücumuna məruz qalandan sonra Ukraynanın nəzarətindəki əraziyə keçib və əsir götürülüb.

Layihənin məlumatına görə, bu ilin ilk doqquz ayında 283 indoneziyalı Rusiya tərəfində döyüşmək üçün cəlb olunub, əvvəlki üç ildə isə bu say 10-dan çox olmayıb. “Yaşamaq istəyirəm” layihəsi 2022-ci ilin sentyabrında Ukrayna Müdafiə Nazirliyinin dəstəyi ilə hərbi əsirlər üzrə koordinasiya qərargahı tərəfindən yaradılıb. Rusiyanın Cakartadakı səfirliyi qəzetin suallarını dərhal cavablandırmayıb.

İndoneziya bu ay oktyabrda Rusiya ordusunda xidmət edən vətəndaşının ölümü barədə xəbərdən sonra Moskvadan indoneziyalıların orduya götürülməməsini tələb edib. İndoneziya XİN-in sözçüsü İvonne Mevenqkanq hökumətin insan alverinə bənzəyən cəlbetmə üsullarından xüsusilə narahat olduğunu deyib. Bir neçə gün sonra İndoneziya polisi sosial şəbəkələrdə logistika, sərhəd mühafizəsi və tikinti işləri vəd edərək insanları Rusiyaya aparan, orada isə onları muzdlu kimi müqavilə imzalamağa yönəldən şəbəkə aşkarladığını bildirib.

Rusiya əvvəllər də xarici ölkələrdən döyüşçü toplamaqla ittiham olunub. Keniya kəşfiyyatı fevralda 1 000-dən çox kenyalının Rusiya tərəfində döyüşməyə cəlb olunduğunu bildirmişdi, Uqanda və Cənubi Afrika vətəndaşlarının da cəbhəyə aparıldığı deyilir.

Leave A Reply