Ust-Luqa limanına dron hücumu
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bildirib ki, noyabrın 11-nə keçən gecə Ukrayna dronlarının hücumunun hədəfi Kingisepp rayonundakı Ust-Luqa liman zonası olub. “Meduza”nın yazdığına görə, bir neçə dronun düşməsi nəticəsində limanda yanğın başlayıb, üç liman işçisi xəsarət alıb, transformator yarımstansiyası qəza nəticəsində söndürülüb. Qubernatorun sözlərinə görə, vilayət üzərində 150 dron vurulub.
Hücum zamanı Sankt-Peterburqun Pulkovo hava limanı müvəqqəti bağlanıb, İstanbul və Hurqadadan şəhərə uçan sərnişin təyyarələri Helsinkiyə enib. Səhərə qədər Pulkovodan 30 reys gecikib. Gecə Latviya və Litvanın bir neçə rayonunda da hava məkanında mümkün təhlükə barədə xəbərdarlıq elan olunub.
Smolensk vilayətinin qubernatoru Vasili Anoxin isə vilayət üzərində 37 dronun vurulduğunu, Yartsevo şəhərində dron qalıqlarının çoxmərtəbəli yaşayış binasına düşdüyünü bildirib. “İnterfaks”ın yazdığına görə, binada yanğın baş verib, iki nəfər ölüb, 10 nəfər yanğın zonasından xilas edilib, sakinlər təxliyə olunub.
Ust-Luqa Baltik dənizində Rusiyanın ən böyük yük limanlarından biridir və neft məhsullarının ixracında mühüm rol oynayır.


