Baltikyanında dron həyəcanı
Noyabrın 11-nə keçən gecə naməlum dron Litva, Latviya və Estoniyanın hava məkanından keçib, üç ölkədə sakinlərə hava təhlükəsi barədə xəbərdarlıq edilib. DW-nin yazdığına görə, dronlar Rusiya və ya Belarus tərəfdən daxil olub, NATO qırıcıları havaya qaldırılıb.
Litvanın Milli Böhran İdarəetmə Mərkəzinin rəhbəri Vilmantas Vitkauskas LRT-yə deyib ki, Şyaulyay aviabazasından qalxan NATO qırıcıları obyekti aşkarlayıb, amma vura bilməyib: “Qırıcılar obyekti aşkarlayıb, kifayət qədər yaxın təmasda olublar, amma vurma cəhdinin niyə alınmadığı barədə hərbçilərin şərhini gözləyək”. “İnterfaks”ın yazdığına görə, ölkənin bir neçə bölgəsində hava həyəcanı elan olunub, Vilnüs və Kaunas hava limanlarının işi dayandırılıb.
“Reuters”ə istinadla DW-nin yazdığına görə, xəbərdarlıq təxminən 300 min əhalisi olan Kaunası da əhatə edib, “Delfi” portalı dronun və qırıcıların şəhər üzərində görüldüyünü yazıb. Dron Litvadan Latviyaya keçib, Latviya silahlı qüvvələri şərq, cənub və şimal bölgələrində növbə ilə hava həyəcanı elan edib, sakinlərdən binalarda qalmaq istənib. Sonra dron Estoniyanın cənubunda izlənib, Tartu, Yıgeva, Vilyandi, Valqa, Vyru və Põlva qəzalarında xəbərdarlıq verilib.
“Meduza”nın yazdığına görə, Latviya və Litvadakı ilk xəbərdarlıqlar həmin gecə Ukrayna dronlarının Rusiyanın Leninqrad vilayətinə, Ust-Luqa limanına hücumu zamanı verilib.


