Tramp-BBC davası davam edir
Floridada hakim Cefri Kunts ABŞ prezidenti Donald Trampın BBC-yə qarşı 10 milyard dollarlıq iddiasının böhtan hissəsinə baxılmasının davam etməsinə icazə verib. BBC-nin özünün yazdığına görə, hakim iddianın Floridanın ədalətsiz ticarət təcrübələri haqqında qanunu ilə bağlı ikinci hissəsini isə rədd edib.
Tramp yayımçını 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumdan əvvəl etdiyi çıxışın iki fərqli hissəsini birləşdirən “Panorama” verilişinə görə məhkəməyə verib. İddiada BBC çıxışı “qəsdən, kinli və aldadıcı şəkildə saxtalaşdırmaqda” ittiham olunur. BBC üzr istəyib və verilişin Trampın birbaşa zorakılığa çağırdığı barədə “yanlış təəssürat yaratdığını” qəbul edib, amma verilişin böhtan meyarlarına cavab vermədiyini və ABŞ-də yayımlanmadığını əsas gətirərək iddianın rədd edilməsini istəyib.
Hakim Kunts qərarında işin mahiyyəti barədə hökm çıxarmadığını qeyd edib: “Prezident Trampın bu iddiaları sübut edə bilib-bilməyəcəyi və zərər gördüyünü təsdiqləyib-təsdiqləməyəcəyi başqa günün məsələsidir”. Tramp “Truth Social”da qərarı “böyük qələbə” adlandırıb. BBC sözçüsü isə bildirib: “Bu qərardan təəccüblənmişik, amma məhkəmənin səlahiyyətinə hörmət edirik”. Yayımçı mövqeyinə əmin olduğunu və hüquqi prosesdə cavab verəcəyini deyib.


