Ana olduğu üçün 100 qamçı
Səudiyyə Ərəbistanında ev işçisi kimi çalışan kenyalı Ester Vanca Mutoni nikahdankənar uşaq doğduğu üçün 100 qamçı cəzasına məhkum edilib. “The Guardian”ın yazdığına görə, hökm ötən ay çıxarılıb, hüquq müdafiəçiləri bunu “zorakılıq aktı” adlandırıb. Ölkənin şəriət qanunlarına görə, nikahdankənar cinsi əlaqə cinayət sayılır, hüquq təşkilatları isə cəzanın əsasən qadınlara tətbiq olunduğunu deyir.
Mutoni Səudiyyəyə ev işçisi və dayə kimi işləmək üçün aparılıb. Məlumata görə, o, misirli kişi ilə qısa münasibətdən hamilə qalıb, uşağın atası isə ölkəni tərk edib. Hökmdən sonra Mutoni “The New York Times”a qamçılara dözə bilməyəcəyindən qorxduğunu deyib: “Mən buna layiq deyiləm”. Körfəz ölkələrində miqrant işçilərin hüquqlarını müdafiə edən “Do Bold” təşkilatının rəhbəri Yekaterina Porras Sivolobovanın sözlərinə görə, onun işi qadın xəstəxanaya aparıldığı üçün üzə çıxıb, çünki xəstəxanalar subay qadınların doğuşu barədə hakimiyyətə məlumat verməlidir.
Britaniyada fəaliyyət göstərən “ALQST” hüquq təşkilatının direktor əvəzi Məryəm əd-Dossari qadının cəzalandırılmaq əvəzinə Keniyaya qaytarılmalı olduğunu deyib. Onun fikrincə, hökm vəliəhd Məhəmməd bin Salmanın qadınlara imkan verən müasir ölkə obrazı yaratmaq cəhdlərinin “ikiüzlülüyünü” göstərir.
BMT-nin qadınlara və qızlara qarşı zorakılıq üzrə xüsusi məruzəçisi Rim əs-Salimin Səudiyyəyə planlaşdırılan səfəri ötən həftə təxirə salınıb. Əs-Salim konkret işləri səfər zamanı qaldırmaq niyyətində olduğunu, səfər tezliklə baş tutmasa, bunu mandatın rəsmi kanalları ilə edəcəyini bildirib.


