Fatih Altaylı azadlığa çıxıb

Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanı hədələmək ittihamı ilə 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilmiş tanınmış jurnalist Fatih Altaylı azadlığa çıxıb.

26 noyabrda İstanbul məhkəməsi Altaylını təqsirli bilinərək prezidentə qarşı təhdid xarakterli ifadələr səsləndirməkdə günahkar saymışdı. Jurnalist özünü təqsirli hesab etməmiş, iddiaları rədd etmiş və qərardan apellyasiya şikayəti vermişdi; məhkəmə apellyasiya müddətində onun həbsdə qalmasına qərar vermişdi.

Altaylının vəkilləri Rezzan Aydınoğlu, Ömər Teker və Mətin Arslanın ilkin şikayətləri rədd edildikdən sonra Regional Apellyasiya Məhkəməsinə müraciət ediblər. Bundan sonra Regional Apellyasiya Məhkəməsi Fatih Altaylının azadlığa buraxılması barədə qərar çıxarıb. Fatih Altaylı iyunun 22-dən həbsdə idi.

Fatih Altaylı kimdir?

Fatih Altaylı 63 yaşlı türkiyəli jurnalist və köşə yazarıdır. O, uzun illər aparıcı media orqanlarında çalışıb və kütləvi izləyici kütləsinə malik siyasi şərhçi kimi tanınıb.

Həbsinə qədərki dövrdə Altaylı öz “YouTube” kanalında yayımladığı siyasi-ictimai şərh proqramı ilə gündəlik yüz minlərlə onlayn izləyici toplayırdı. Onun “YouTube” kanalının 1,6 milyon abunəçisi, X (keçmiş Twitter) sosial şəbəkəsində isə 2,7 milyon izləyicisi var idi.



Nə baş vermişdi?

20 iyunda Fatih Altaylı “Fatih Altaylı Yorumluyor” adlı “YouTube” proqramında keçirilmiş sorğunun nəticələrini şərh edib. Sorğu nəticələrinə əsasən, ictimaiyyətin 70%-dən çoxu prezidentin ömürlük vəzifədə qalmasına qarşı idi.

Altaylı bu rəyi təəccüblü saymadığını bildirərək tarixi nümunə göstərib:

“Bu millət bəyənmədiyi hökmdarı boğduran bir millətdir. Osmanlı tarixinə baxanda, öldürülən və ya boğdurulan xeyli sultan var”,- deyə çıxış edib.

Altaylının bu çıxışından kəsilmiş qısa video parçası sosial şəbəkələrdə yayılıb və onun sözlərini prezidentə qarşı açıq təhdid çağırışı kimi qələmə veriblər.

Qısa müddət sonra Prezident Administrasiyasının müşaviri Oktay Saral sosial mediada Altaylıya yönəlmiş ismarıc paylaşıb və “Artıq dərdəsən” deyə onu hədəfə alıb. Bu paylaşımdan saatlar sonra, 21 iyunda polis Altaylını İstanbuldakı evində saxlayıb, ertəsi gün isə məhkəmənin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Əvvəlcə Altaylıya adi hədələmə cinayəti üzrə ittiham irəli sürülüb. Türkiyə qanunlarına görə, cəzası maksimal 2 ildən az olan cinayətlərə görə şəxs istintaq dövründə həbsdə saxlanıla bilməz. Lakin prokurorlar qısa müddət sonra ittihamı ağırlaşdıraraq işi “Prezidenti təhdid etmə” maddəsinə tövsif ediblər.

Bu xüsusi maddə minimum 5 il həbs cəzası nəzərdə tutduğuna görə, Altaylının məhkəməyə qədər həbsdə saxlanmasına imkan verib. Nəticədə jurnalist iyun ayından məhkəmə hökmü çıxanadək həbsdə qaldı.

Məhkəmə və hökm

Altaylının İstanbul 26-cı Ağır Cinayətlər Məhkəməsinin İstanbulun Silivri həbsxanası kompleksindəki zalda baş tutan 26 noyabr tarixli iclasında prokuror məhkəmənin Altaylını ən az 5 il müddətinə azadlıqdan məhrum edilməsini və apellyasiya bitənədək həbsdə qalmasını tələb edib; Prezident Ərdoğanın vəkili də bu tələbi müdafiə edib.

Fatih Altaylı öz müdafiə çıxışında söylədiyi fikirlərin heç bir cinayət niyyəti daşımadığını vurğulayıb. O, tarixi fakt söylədiyini, şərhlərinin heç kimə real təhdid olmadığını və zorakılığa çağırış kimi anlaşılmamalı olduğunu bildirib. Altaylının sözlərinə görə, nə özü hər hansı qanunsuz təşkilatın üzvüdür, nə də 40 illik peşə fəaliyyətində zorakılığa yol verib.

“Prezidentin məndən qorxması üçün heç bir səbəb yoxdur”, – deyə məhkəmədə qeyd edib.

Vəkilləri Altaylının yalnız bir videoya əsasən ittiham olunduğunu, əlavə heç bir dəlil təqdim edilmədiyini vurğulayaraq müvəkkillərinə bəraət verilməsini istəyiblər. Vəkillər həmçinin “Prezidenti təhdid” ittihamının törədilmiş konkret bir əməl olmadığı üçün hüquqi əsassız olduğunu, sadə sözlərin cinayət kimi tövsif edilməsinin qanunsuz yanaşma olduğunu bildiriblər.

Müzakirələrdən sonra məhkəmə hökmü elan edib. Hökmə əsasən, Fatih Altaylı “Prezidentə qarşı təhdid və fiziki zor tətbiq etmə” ittihamından təqsirli bilinib. Məhkəmə əvvəlcə 5 il həbs cəzası təyin etsə də, Altaylının davranışını nəzərə alaraq bu müddəti 4 il 2 ay həbs cəzasına endirib.

Fatih Altaylı azadlığa çıxıb

Leave A Reply